Bax, bu yerdə irad tutmağınız yerinə düşər. Hamı bilir ki, müxalifət deyilən nəsə var? Müxalifət düşərgəsi ifadəsi işlədilsə də, bu düşərgə ölü düşərgəsidir. Doğru deyirsiniz, amma bunu anlaya bilirlərmi? Bax, elə bəla da budur ki, 25 illik zaman müddətində düzəlməyən müxalifətin bundan sonra düzəlməsi mümkünsüzdür. Amma gəl gör, bunlar bəribaşdan hansı oyunlardan çıxırlar?! İndi də başlayıblar, "Müxalifətin zirvə" toplantısı keçirsinlər və bir "lider" təyin etsinlər. Bu yerdə deyirlər ki, "toyuq" ağlı. Şanslı ağılla "lider" axtarırsınız? Üzə çıxan ağıllınız var ki? Qırılmışların hamısı dəli! Bir tərəfdən, AXCP sədri Əli Kərimli, digər tərəfdən də keçmiş başqan İsa Qəmbər. Bir tərəfdən, Ə.Kərimlinin dirijor çubuğu ilə idarə olunan "Milli Şura" aksiya keçirmək fikrinə düşüb və aksiyasının uğurlu alınmayacağının fərqinə vararaq, oraya söyüş qoymaq vasitəsi ilə meydana insanları cəlb etməyə çalışır, digər tərəfdən də, sabiq başqan İ.Qəmbərin dirijor çubuğu ilə idarə olunan Müsavat partiyası özünü dağa-daşa çırpıb, zorla ictimai rəyə sırınmağa müxtəlif cəhdlər edir. Ancaq bu cəhdlərə baxmayaraq, biri o birinə dəymir, ikisi də heç birinə. Yəni köhnə hamam, köhnə tasdır. Fakt budur ki, hər ikisi qürub çağının son prosesini yaşamaqdadırlar. Artıq nə mitinq, nə piket, nə söyüş, nə alqış, nə də qarğış - heç biri bunların dadına-zadına çatan deyil.
Bəs belə olan halda, siyasətdə qalmağa dəyərmi? Görünür, Tanrının bizə bəxş etdiyi o hissiyyatın nə olduğunu hələ bu günə kimi anlamayıblar. Anlasaydılar, Müsavatla AXCP-nin rəhbərliyi başda olmaqla, düşərgədəki naftalin iyi verən "liderlər" siyasətdə qürub çağının çatdığını qəbul edərdilər.
Fakt budur ki, "liderlər" indiyə kimi həyasızlıq nümayiş etdirməklə, guya xalqın "dərdinə şərik" olduqlarını nümayiş etdirirlər. Bu qədər həyasızlıq olar? Hansı xalqdan danışırlar, bax, bu, müəmmalı qalır. Axı bildiyimiz qədər, xalq onları 2003-cü ildən arxivin zibilliyinə atıb. Onda bunlar nəyi gözləyirlər? Niyə siyasətin bunlarlıq olmadığını "kişi" kimi qəbul edib, siyasi arenanı, üzüsulu olaraq, tərk etməyə cürətləri çatmır? Sözsüz ki, sualın cavabı çox bəsitdir. Ona görə ki, heç vaxt xalqı düşünməyiblər, əksinə, xalqdan öz şəxsi mənfəətləri üçün istifadə edərək, qrantlar, pul-paralar dalınca qaçıblar və bu qaçışla "mühacir biznesi" qururlar, vəsiqə satırlar və s. Amma unudurlar ki, bunun da bir sonu var və bu sona qürub deyirlər. Az qalıb, artıq sizlər qürub çağındasınız.
RƏFİQƏ