Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür. XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.
SİA-nın məlumatına görə,Nazim Hikmət 117 il bundan öncə yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub. Şair şeirlərinin birində bunu belə ifadə edib.
Bağlısan deyə ölkənə,
Dünyaya, insana,
Ya boğazdan asılarsan
Ya atılarsan zindana.
Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub. Bir il sonra ilk dəfə Bakıya gəlir. Bakını, Xəzəri görəndə ona elə gəlib ki, mühacirliyi yarıb öz doğma diyarına qayıda bilib. Özünə doğma bildiyi bu diyarda unudulmaz anlarını yaşayıb.
Şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.
Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” və “Şi- Ya-ıı” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edir, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.
Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.
Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.
Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.
Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Öz məmləkətindən sonra heç bir torpaq ona Azərbaycan qədər doğma olmayıb. Nazim Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirləri ilə bizə çatdıran milli ruhlu, qüdrətli şairdir. Şair Bakını İzmirə bənzədirdi. Ona görə də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Bakı həm də şairə ona görə doğma gəlirdi ki, burada onun şeirlərini saatlarla, doymadan dinləyəcək geniş dinləyici kütləsi, qiymət verə biləcək şair, yazıçı, bəstəkar, alim dostları, bütün Azərbaycan xalqı vardı.
Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.
Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında - məzar daşı da istəməyərək, uca bir çinarın altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət diyarda - Moskvada 1963-cü ildə Vətən həsrəti ilə əbədi dünyasına qovuşub.
Məşəqqətli, qasırğalı bir həyat yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğu ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq korifey bir sənətkardır.