ATƏT Belarusa xəbərdarlıq edib

7 Yanvar 2011 11:14 (UTC+04:00)

ATƏT jurnalistləri həbsdə saxlayan Belarus hökumətinə müraciət edib.

SİA-nın xəbərinə görə, təşkilatın mətbuat azadlığı üzrə xüsusi təmsilçisi Miyatoviç Aleksandr Lukaşenko iqtidarına yazılı müraciətində keçən ay keçirilən prezident seçkilərindən sonrakı nümayişlərdə iştirak edən jurnalistlərin azadlığa buraxılmasını tələb edib.

Belarus xarici işlər naziri Sergey Martınova yazdığı məktubda Miyatoviç ATƏT-in dekabrın 19-da keçirilən seçkilərdən sonra jurnalistlətə qarşı görünməmiş həbs, mühakimə, təhdid və güc tətbiqindən narahat olduğunu bildirib.

Müraciətdə Rusiyanın "Novaya Gazeta" qəzetinin müxbiri İrina Xalip və charter97.org saytının redaktoru Natalya Rodinanın həbsinə xüsusi olaraq toxunan ATƏT təmsilçisi bu jurnalistlərin 15 il həbs təhlükəsi ilə qarşı-qarşıya olduqlarını deyib.

Təmsilçi eyni zamanda təhlükəsizlik qüvvələrinin "Naşa Vina" qəzetinin, Belarus Avropa radiosunun və Belsat televiziyasının bürolarına basqın etdiyini, bu qurumlarda çalışanların evlərini axtararaq texnikalarını ələ keçirdiyini qeyd edib.

Miyatoviç Belarusun söz azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsinə yardım etmək məqsədilə paytaxt Minskdə toplantı keçirilməsini təklif edib