Səhiyyə Nazirliyi sertifikasiyaya dair test imtahanının nəticələrini açıqladı
7 Yanvar 2011 02:51 (UTC+04:00)
Səhiyyə Nazirliyi Ginekologiya və Terapiya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, test imtahanının yekunlarına görə 60 və daha artıq bal toplayan şəxslər müsahibəyə buraxılıblar.
Nəticələrə görə, yanvarın 5-də terapiya və mamalıq-ginekologiya ixtisasları üzrə imtahanlarda iştirak edən 23 nəfərdən yalnız 2-si müsabiqə şərtini ödəməyib. İmtahanlarda Terapiya ixtisası üzrə Əmirova Ceyran Gülverdiqızı 54, Məlikov Cəmaləddin Əzimoğlu isə 44 bal toplayaraq müsabiqənin birinci mərhələsindən kəsilib. Sertifikasiyadan keçməyən şəxslər isə 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq peşə hazırlığını keçərək sertifikasiya olunmaq üçün müraciət edə bilərlər.
Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq. Sertifikasiyadan müvəffəqiyyətlə keçdiyi halda sertifikasiya şəhadətnaməsi verilir və 5 il müddətində ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edilir.