Bir payız sevdası var başımızda. Əslində qışın ilk ayında, arzuların, ümidlərin astanasındayıq. Payızı xatırladan qış havasındanmı, yoxsa hələ də qar altından boylanmayan, yollara tökülən qızılı payız yarpaqlarının xışıltısındanmıdır başımızdakı bu payız sevdası...
Bir yandan payızın hələ də duyulan nəfəsi, bir yandan da asta yağan yağışlı hava, poeziya sevgisini oyadır içimizdə. Bu havada payızı ən çox sevən şair - Sona xanım Vəliyeva yada düşməyə bilməz.. Payız aşiqinin içdən duyğularla yazdığı sətirlərə sarılır ruhumuz...Çünki, O, payızın dilində yazır. İçinə, çölündə payız nəğməsi...
Payız etüdləri
Payızın dilində şeir yazıram,
İçimdə, çölümdə payız nəğməsi.
Yarpaq qırğınıdır, məhşər başlayıb,
Yoxdu ağacların ağlayan kəsi.
İstədim əlini tutam payızın,
Ruhunu oxşayam, dərdini böləm.
Yağışa qarışam, kimsə görməyə,
Ya da durnalara qoşulam gedəm.
Getsəm nə dəyişər, qalsam, nə bilim?
Zamanla köçəni saxlamaq olmur.
Ölümə tələsən xəstə anamtək
Payız da kövrəkdi, ayrılmaq olmur.
Bu payız fərqlimi, ruhum qəribmi?
Ya qismət, bahara yetə arzular.
İçim yarpaq-yarpaq talanıb gedir,
Bu dəli küləyi əyləyən ola.
Çinar öz yarasın sarısa belə,
Yarpaq balaları qoruya bilmir.
(İlahi, qarşıdan hələ qış gəlir)
Gecikən sevgitək bu bəyaz çiçək
Tufanı tanımır, çovğunu bilmir.
Yarpaq məzarlığı bağa gözdağı,
Ya qismət, min çiçək doğurar bahar.
Tumurcuq diləklər Tanrı töhfəsi,
Bizdən güc alınca bitər sevdalar.
Həsrətin ölçüsü payızmış elə,
Qarışla, arşınla ölçülməz, demək.
Ayrılığın rəngin görmək istəyən
Saralan yarpağa toxunsun gərək.
Ağacam bu payız dağ sinəsində,
Bu payız duyulmaz sevincim, dərdim.
Ruhumu dumana, yağışa bükün,
Bahar qayıdanda, bəlkə, göyərdim.
Alın yazım
Taleyim Tanrı əliylə
Yazılıbdır məndən öncə.
Hər adam bir sətir imiş
Əcəl torpağa gömüncə.
Qarışınca torpaqlara
Sətir-sətir göyərəcək.
Kimi qara tikanlara,
Kimi laləyə dönəcək.
Azalıb qələm, mürəkkəb,
Allah da yorulub, yazmır.
Min ildir doğranan torpaq
Qismətimi bəxtə yazmır.
Dünyanın bir ucunda qəm,
Bir ucunda çal-çağırdı.
Bir zalımın qələmindən
Alın yazısı axırdı.
Vətən də alın yazımız,
Qorumasaq, pozulacaq.
Alından pozulan yazı
Günahlara yozulacaq.
Xəyanət
Boşalan könüllər dünyanı yıxır,
Göz yaşı kirpiyə qısılı qalır.
Xəyanət laxladır yerin mehvərin,
Dünya ümidlərdən asılı qalır.
Asılar ümiddən aldanan qadın,
Göz yaşı taleyin fəryadın çəkir.
Yalan sevdaların ağır yükünü
Min kişi çəkməzdi, bu qadın çəkir.
İnam da ruh kimi, uçdu, qayıtmaz
Ha çağır, ha səslə - yollarda itər.
Xəyanət tufanı, günah ilğımı
Sevdalı bir könlün külündə gedər!
Dağlar silkələnir, dənizlər daşır,
Yerin məhvərindən çıxan çağıdır.
Qadın gözlərində Allah ağlayır,
Qiyamət Allahın ağlamağıdır!
Hər gecə göz yaşı içini döyər,
Göynər xəyanətin ağır yarası.
Dərdinə söykənib unutmaq istər,
Tapılmaz kədərin, qəmin çarası.
Dərd ağır olanda ağlamaq olmur,
Sevgitək göz yaşı qəhətə dönər.
Talanan ruhuyla, sönən gözüylə
Yad olub, evində qərib görünər.
Ev-eşik sevgisiz, ürək sevgisiz,
Doğma görünənlər yaddan yad indi.
Üz-üzə gəlməyə üz olmayanda
Yuyulmaz günahlar görən kimindi?
Toplanan illəri ömürdən çıxıb,
İnamdan, sevgidən, əzabdan çıxıb,
Gözünün önündə yadından çıxıb
Bir naşı sevənin əlində qadın.
Kimsəyə sirr verməz, tənha əridər
Sovrulub puç olan talan ömrünü.
İtirib gücünü, daşıya bilməz,
Yaşamır, sürüyür qalan ömrünü.
İnandım qayıdacağına
Sən ağrıyla çarpışan an
mən qorxunun içindəydim.
Yer, göy qaranlığın, soyuğun...
Ümidlərim,
dualarım göz yaşımın içindəydi.
Boylandım sənsizliyə,
havanın, günəşin, suyun
özümün içimdən boylandım,
boylandım inamla,
sevgiyə, təsəlliyə.
Gözümlə gördüm yer üzünün boşluğunu,
gözümlə gördüm
sənsizliyin necə olduğunu.
Ümidlər azaldıqca,
qaranlıq uzandıqca, soyuq artdıqca,
daha çox inandım hər şeyin yaxşı olacağına,
Bu çətin səfərdən qayıdacağına,
məni tək qoymayacağına,
məni tənhalığa qıymayacağına.
İnandım qaranlıqda da
tapacaqsan
evimizin yolunu...
Dözməzsən mənim tək-tənha olduğuma,
qaranlıqda qaldığıma.
Utanıb heç kimə
demədiyim bir şeyi
yalnız sən bildiyindən
inandım dönəcəyinə.
Axı tək sən bilirdin
mənim qorxaq olduğumu,
bu yaşda qaranlıqdan qorxduğumu.
Ay qapı bağlayan
Taleyi bağlı qapı arxasında
həll edilən millətlərə
Bu yandan açanı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan, ay qapı bağlayan.
Kimi bir salama yozar,
Kimi taleyinə yazar.
Bu nə dərddi, bu nə azar?
Bəsdir, ay qapı bağlayan.
Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?
Bu qapının cırıltısı
Min ilin qəlb sızıltısı...
Dərbənd, ya Gəncə ağrısı -
Gəl açaq, qapı bağlayan.
Bu qapı gözüm qapağı,
İçi Vətənin torpağı.
Ürəyim yağı tapdağı,
Sən də bax, qapı bağlayan.
Keçmədim qapı varsa da,
Əlacı yad çarasında.
Torpaq qapı arasında
Can verir, qapı bağlayan.
Aç, keçək, görüm yol hanı?
Ovut qəmdən oynayanı.
Gözümdə qapı dabanı
Öldüm, ay qapı bağlayan.
O ağ şallı kimdi, gəldi?
Duası haqqa yüksəldi.
Yağışdan açar ələndi -
Götür aç, qapı bağlayan.