Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, tamaşa yanvarın 19-da baş tutacaq.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.
Əsər gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Bir-birini böyük məhəbbətlə sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər bir-birinə sadiq qalırlar. Aqil 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.