Bakı Qarnizonunda ötən ilin yekunlarına həsr olunan müşavirə keçirilib

9 Yanvar 2019 13:01 (UTC+04:00)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.