Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası olacaq. Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş “Dahi hekayəçi” baleti yanvarın 26-da nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib.
Qeyd edək ki, səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur nağıllar təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.
Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları, heç şübhəsiz, uşaqlar və onların valideynlərinin xoşuna gələcək.