Anar Qədirli: “İki dəfə sertifikasiyaya dair imtahanlardan keçməyən həkimlərin praktik tibbi fəaliyyəti dayandırılacaq” - MÜSAHİBƏ

6 Yanvar 2011 02:15 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin SİA-ya müsahibəsi

- Bu gündən səhiyyə işçilərinin sertifikasiyasına dair test imtahanlarına start verildi. Ümumiyyətlə, ölkədə nə qədər həkim bu imtahanlardan keçəcək?

- Bəli, artıq bu gündən etibarən həkimlərin sertifikasiyasına dair test imtahanlarına start verilib. İlk öncə bu gün Mama-ginekologiya və Terapiya şöbəsinin həkimləri sertifikasiyaya dair test imtahanına cəlb olunub. Bu gün keçirilən imtahanlarda cəmi 24 mütəxəssis imtahan verib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edəcəklər. Ümumiyyətlə, mərhələ-mərhələ praktik fəaliyyətlə məşğul olan bütün tibb işçiləri sertifikasiya imtahanlarına cəlb olunacaqlar. Bu imtahanlar Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən tətbiq olunan qrafik əsasında həyata keçiriləcək. Digər mütəxəssislər də 5 il ərzində tam şəkidə sertifikasiyadan keçəcəklər. Elə həkimlər var ki, onlar 3-4 ildən sonra imtahan verəcəklər. Hər bir imtahan əvvəlcədən hazırlanan qrafik əsasında həyata keçiriləcək.

Hər bir imtahanın cavabları 3 gündən sonra açıqlanacaq. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq. Hər iki mərhələni uğurla başa vuran həkimlərə sertifikatlar təqdim olunacaq və onlara 5 illik fəaliyyət imkanı verilir. Yeni qaydalara görə, praktiki fəaliyyətlə məşğul olan həkimlər hər 5 ildən bir sertifikasiyadan keçməlidirlər.

- Bu sertifikasiya prosesində həkimlərin da təcrübəsinin, neçə illik iş fəaliyyəti və ya elmi dərəcəsi nəzərə alınacaqmı?

- Təcrübəsindən, özəl və dövlət tibb müəssisəsində işlədiyi mülkiyyətindən, elmi dərəcəsindən asılı olmayaraq pratik tibbi fəaliyyətlə məşğul olan həkimlər sertifikasiyadan keçməlidirlər. Elə həkimlər var ki, onların tibb fəaliyyəti yoxdur və yalnız administrativ, elmi vəzifələrdə çalışır, tibbi təhsillə məşğul olurlar. Bunlara sertifikasiya şamil olunmur. İndi dəqiq rəqəm deyə bilmərəm ki, sertifikasiya şamil olunmayan işçilərin sayı nə qədərdir. Ancaq onların sayı da kifayət qədərdir.

- Ümumiyyətlə bu gün Azərbaycanda nə qədər həkim fəaliyyət göstərir və onların hər birinin 5 il ərzində sertifikasiyadan keçməsi mümkün olacaqmı?

- Bu gün Azərbaycanda 30 minə yaxın həkim, 60 minə yaxın isə tibb işçisi var. Onların arasında sertifikasiyasiyaya düşməyənləri də var. Amma həkimlərin əksəriyyəti tibb fəaliyyəti ilə məşğul olduğuna görə sertifikasiyadan keçməlidirlər.

- Sertifikasiyadan keçməyən həkimlər 6 aydan sonra özlərini bir daha sınayacaqlar. Bəs bu dəfə də sertifikasiyadan keçə bilməyən həkimlərin fəaliyyəti tam olaraq dayandırılacaqmı və ya onların sonrakı taleyi necə olacaq?

- Həkimlər sertifikasiyadan keçmədikləri halda onlara 6 aydan sonra 2-ci şans verilir. Həkim 2-ci şansdan sonra da sertifikasiyaya dair imtahanlardan keçə bilməzsə, onun praktik tibb fəaliyyəti dayandırılır. O özünü imtahanlara tam hazır bildiyi zaman, hətta 10, 20 dəfə də bu imtahanları verə bilər. Bunun üçün o, nazirliyin Sertifikasiya Şurasına ərizə ilə müraciət etməlidir. Həmin şura tərəfindən müəyyən edilən vaxtda həkimlər gəlib yenidən imtahan verə biləcək. Praktik fəaliyyəti dayandırılan tibb işçiləri artıq həkim kimi fəaliyyət göstərə bilməyəcək. Onun yenidən işə düzəlməsi mövcud qanunvericiliklə təmzimlənir. Əgər həkimin elmi dərəcəsi varsa, o həm elmi işlə, həm də praktik fəaliyyətlə məşğul ola bilər. Sertifikasiyadan keçmədikdə isə onun pratiki fəaliyyəti dayandırılacaq. Məsələn, Azərbaycan Tibb Universitetində həkim-müəllimləri var ki, onlar həm praktiki tibb fəaliyyəti ilə məşğul olurlar, həm də universitetdə dərsdə deyirlər. Sertifikasiyadan keçmədikləri halda onların tibb fəaliyyəti dayandırılacaq, ancaq elmi işlərini davam etdirəcəklər.

- Sonda ötən ilin yekunlarını necə qiymətləndirirsiniz və 2011-ci ildən səhiyyə sahəsində nə kimi yeniliklər gözləyirsiniz?

- 2010-cu ilin nəticələrinə diqqət yetirsək görərik ki, ötən il səhiyyə sahəsi üçün çox uğurlu il oldu. Səhiyyənin həm maddi-texniki bazası genişləndirilidi, müasir standartlara uyğun tibb müəsissələri açıldı. Dövlət proqramları çərçivəsində də müəyyən işlər görüldü. Hazırda səhiyyənin ən aktual problemləri üzrə 9 dövlət proqramları fəaliyyət göstərir.
Bundan əlavə, ötən il regionlarda Qan Bankları yarandı. 7 regionda yaradılan Qan Bankları qana ehtiyacı olan əhalini avtomatik qanla təchiz və ya təmin edirlər. Həmçinin böyrək çatışmazlığı proqramı çərçivəsində respublikada 26 dializ mərkəzləri yaradılıb. Artıq dializ xəstələrinin növbəsi ləğv olunub. Ötən il səhiyyə sahəsində əsas məsələlərdən biri isə sertifikasiya idi. Belə ki, 2010-cu il il həkimlər üçün vacib olan sertifikasiya prosesi başladı və bu hər 5 ildən bir həyata keçiriləcək.
2011-ci ildəki yeniliklərə və ya gözləntilərə gəlincə, düşünürəm ki, bu il də nəzərdə tutulan işlərin, dövlət proqramlarının hamısı davam edəcək.