Yanvarın 23-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, yanvarın 24-də və 26-da səhnə əsərində Yelizaveta Valua obrazını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) yaradacaq. Yanvarın 23-də və 25-də Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Böyük Teatrın solistidir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransada və Çexiyada “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Yusif Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.