Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

6 Yanvar 2011 01:26 (UTC+04:00)

15 yanvar 2011-ci il tarixdə Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın xəbərinə görə, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, digər ölkələrdən olan güləşçilər də mübarizə apacaq.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarışlar 15 yanvar 2011-ci il tarixdə Bakı İdman Oyunları Sarayında keçiriləcək. Turnirin rəsmi açılış mərasimi həmin gün saat 16.30-da baş tutacaq. 12-13 yanvar 2011-ci il tarixdə isə, Bakı İdman Oyunları Sarayında sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr (1996-97-ci il təvəllüdlü) arasında Respublika turnirinin final yarışları keçiriləcək. Final yarışlarında AGF-nin nümayəndəliklərində keçirilən regional turnirlərdə qalib olmuş güləşçilər iştirak edəcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaq.