Təhsil Nazirliyi yeni ildə kütləvi informasiya vasitələrilə müxtəlif layihələr həyata keçirəcək - ÖZƏL
5 Yanvar 2011 22:38 (UTC+04:00)
Təhsil Nazirliyi yeni ildə kütləvi informasiya vasitələri ilə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə müxtəlif layihələr həyata keçirəcək. Bu barədə SİA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi o kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edəcək ki, onlar ölkədə müəyyən nüfuz, söz sahibidir və gördükləri işi təbliğ edə bilirlər. Buna görə də cari ildən nazirliyin KİV-lərlə layihələri genişləndirmək istəyində olduğunu deyən B.Hüseynzadə qeyd edib ki, artıq televiziyalarla, mərkəzi qəzetlərlə bir çox layihələr var və gələcəkdə digər mətbuat orqanları ilə əməkdaşlığa hazırıq.
"Ancaq bütün bunlarla yanaşı buradan jurnalist həmkarlarımıza səslənirəm ki, onlar təhsil sisteminə bir az da qayğı və daha doğru yanaşsınlar. Hər bir məsələyə ilk növbədə jurnalistlərin obyektivliyi, qərərsizliyi, düzgün yanaşması olmalıdır. Təhsil sahəsində bizə biraz güzəşt etmək lazımdır, çünki təhsil bütün xalqın, insanların gələcəyidir. Bu sistemlə bütün ailələr bağlıdır və hər birimiz bu sistemin, mövcud məktəbin yetirməsiyik. Bu baxımdan istərdim ki, təhsil sisteminə jurnalistlərimiz daha diqqətli və qayğı ilə yanaşsınlar", - deyə o əlavə edib.