Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb. Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Konfransda ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi olub.
Filmdə 1918-ci il dekabrın 26-da də Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətyə çatdırılır. Həmçinin filmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, bu qayğı nəticəsində ölkədə həyata keçirilən və ildən-ilə genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərinin ildən-ilə güclənməsindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan və sosial müdafiə və reabilitasiya sahələri də əhatə edən təşəbbüs və layihələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplara qayğıkeş münasibəti də filmdə əksini tapır.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Ə.Əhmədov ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili təşkil etdiyini, Ulu öndərin Azərbaycanda sosial dövlət ideyasını uğurla gerçəkləşdirdiyini vurğulayıb. O, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün sahələrdə dianmik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib.
Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin 2 nəfər əməkdaşının fəxri adlarla, 12 nəfər əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif edilməsi barədə 25 dekabr 2018-ci il tarixli Sərəncamları oxunub.
Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.
S.Babayev Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bu günkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-80-ci illərdə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqiil dövlət quruculuğunu uğurla həyata keçiriməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb.
S.Babayev Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun, ölkəmizin etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını vurğulayıb.
Hazırda keçirilən konfransın əhəmiyyətindən bəhs edən nazir konfransa ümumilikdə 20-yə qədər ali təhsil və elmi-təqdiat müəsissələrindən 120-dən çox məqalənin təqdim olunduğunu, bunun da konfransın mövzusuna böyük marağın göstəricisi olduğunu vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin çıxışları dinlənilib.
Sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Nazirliyin strukturlarında uzun illər çalışmış işçiləri və “Sosial elçilər”i təltif olunmaları üçün təqdim edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin nazirliyin 100 illiyi ilə əlaqədar birgə keçirdiyi “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.
Müsabiqədə I yeri tutmuş Azad Əliyevə ("Həftə içi" qəzetinin redaktoru), II yeri tutmuş Gülnarə Məmmədovaya ("Bizim Yol" qəzetinin müxbiri) və Orxan İsrafilova ("İki sahil" qəzetinin bölmə müdiri), III yeri tutmuş Ziyadxan Həsənova ("AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri), Günel Cəlilovaya ( "Bakı-Xəbər" qəzetinin müxbiri) və Nardar Bayramova ("Yeni Azərbaycan" qəzetinin müxbiri) diplom və mükafatlar, həmçinin Məğrur Əliyevə (“Kaspi" qəzetinin baş redaktor müavini), Aysel Oğuza (“Olaylar" qəzetinin şöbə müdiri), Minarə Hacıyevaya ("Səs" İnformasiya Agentliyinin şöbə müdiri), Mahir Zeynalova ("Xalq Cəbhəsi" qəzetinin redaktoru) və Rüfət Sultana ("Mövqe" qəzetinin müxbiri) təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.
Konfransın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin moderatorluğu ilə keçən I sessiyası “Sosial müdafiə sistemi və onun əsas prioritetləri” mövzusuna həsr olunub. Sessiyada Bakı Dövlət Universitetinin professoru, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılovun, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmançının məruzələri dinlənilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə keçirilən II sessiyada isə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fazil Hacıyev, “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin müşaviri Audra Mikalauskayte, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin dissertantı Vəsilə Xəlilova məruzlələrlə çıxış ediblər.
Hər iki sessiyada məruzələr əsasında müzakirələr aparılıb.