Mehriban xanım Əliyeva: "Gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər"
Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə dövlət tərəfindən ayrılan diqqətin nəticəsidir ki, ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında gənclərin fəallığı, idarəetmədə rolu genişlənib. "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramlarının uğurla həyata keçirilməsi, eləcə də, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, istedadlı gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərin inkişafını stimullaşdırıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın uğurla həyata keçirilməsi təhsilin məzmunu, kadr hazırlığı, idarəetmə sistemi, maliyyələşmə və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətlərində əhəmiyyətli nailiyyətlər əldə olunub, gənclərin təhsilalma imkanları genişlənib. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla reallaşdırılıb, Proqram çərçivəsində 3558 nəfər azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb. Həmin gənclərin böyük əksəriyyəti, artıq təhsillərini başa vuraraq, geri qayıdıb və ölkəmizin gələcək inkişafına öz töhfələrini verməyə başlayıb. Bu istiqamətdə aparılan işlərin davamı və dövlətimizin ali təhsilin inkişafına verdiyi yüksək önəmin növbəti nümunəsi bu günlərdə təsdiq edilmiş "2019-2023-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"dır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" çərçivəsində bu günlərdə keçirilən tələbələrin 2-ci qurultayına təbrik məktubu göndərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təbrik məktubunda qeyd olunduğu kimi, müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmış, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilmişdir: "Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər".
Azərbaycanın gələcəyi gənclərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığından asılı olacağını qeyd edən Mehriban xanım Əliyeva gənclərin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağına inanımını ifadə edib.
Bu gün ölkəmizdə 30 yaşa qədər gənclərin sayı 4,6 milyon nəfərdir ki, bu da ölkə əhalisinin 46 faizini təşkil edir. 24 yaşa qədər gənclər isə ölkə əhalisinin 1/3-ni təşkil edir. Azərbaycan gəncləri, peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər kimi, ölkəmizin tərəqqisinə layiqli töhfələrini verirlər.
Ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sistemi təkmilləşdirilib, universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib. Ötən dövr ərzində, Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib.
Görülən işlərin məntiqi nəticəsi olaraq, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazandı, 3127 nəfər 600 baldan yüksək nəticə göstərmiş oldu. 29 abituriyent 700 bal topladı. Bütün bunlar gənclərə, Azərbaycan təhsilinə ayrılan diqqətin bariz nümunəsinin nəticəsidir. Bu gün qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycan dövlətinin gənclər siyasəti uğurla həyata keçirilir.
Nəzakət ƏLƏDDİNQIZI