“Təhsil” Respublika İdman Mərkəzi 2018-ci il uğurla başa vurur

24 Dekabr 2018 13:59 (UTC+04:00)

Gündən-günə çiçəklənən Azərbaycanda idmanın inkişafına diqqət və qayğı getdikcə artmaqdadır. Göstərilən diqqətin nəticəsidir ki, ölkəmizin yerli və beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər hər ötən il daha da çoxalır. Ölkə rəhbərimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmançılara olan xüsusi diqqəti, bu sahəyə göstərədiyi dövlət qayğısı bir daha onu sübut edir ki, idman bu gün ölkə siyasətinin əsas hissəsidir və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.

Cəmiyyətin fiziki sağlamlığının əsasında kiçik yaşlarından sağlam həyat vərdişlərinin formalaşması dayanır. Belə ki, uşaq və gənclərin idmanla məşğul olmasına, onların sağlam həyat tərzində yaşamasına məktəblərdən, hətta daha az yaşlarından başlanılır. Gələcəyimiz olan gənclərin təhsillə bərabər, idmanla da məşğul olması olduqca vacib və təqdirəlayiqdir. Bu istiqamətdə səylə çalışan idman qurumlarından biri də uzun illərdəir fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzidir.

Mərkəzin 2018-ci ilin yekunlarına olan hesabatından da bəlli olur ki, idman ocağında uşaq, yeniyetmə və gənclərin qazandıqları uğurlar ildən-ilə artmaqdadır. “Təhsil” Respublika İdman Mərkəzi (“Təhsil RİM”) məktəblilərin idmana cəlb olunmasında mühüm rol oynayır, bədən tərbiyəsi və idmanın təbliğatında səylə çalışır.

Mərkəz yarandığı dövrdən bu günə qədər dərəcəli idmançıların hazırlanması, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsi, kütləvi tədbirlərin təşkili və keçirilməsində, idman-şahmat məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində uğurlu addımlar atmışdır.

Mərkəzin uğurlu fəaliyyətində uzun illərdir idman sahəsində çalışan, paytaxtın ən qabaqcıl olimpiya ehtiyatları idman məktəbinə rəhbərliyi ilə tanıdığımız, təcrübəli idman mütəxəssisi və hazırda “Təhsil” RİM-in direktoru olan Natiq Lahıcovun rolu danılmazdır. Mərkəzin direktoru illərdir topladığı uğurlu təcrübədən bacarıqla istifadə edir.

Mərkəzin və struktur bölmələrinin yığma komandalarına perespektivli idmançıların cəlb edilməsi, həmin komandaların lazımi səviyyədə hazırlanması, idmançıların respublika və beynəlxalq yarışlarda iştiraklarının təmin olunmasına xüsusi diqqət göstərilir. Belə nəticəyə gəlmək olar ki, Mərkəzin artan şkala üzrə qazandığı uğurları və 2018-ci ildə də yüksək nəticələr əldə edilməsi təsadüfi deyil.

İdman ocağında uşaq, yeniyetmə və gənclərin qazandıqları uğurlar ildən-ilə artmaqdadır

2018-ci ildə Mərkəz və struktur bölmələrinin idmançıları respublika yarışlarında 1184 medal əldə ediblər. Bunlardan 393-ü qızıl, 340-ı gümüş, 451-i bürüncdür. Beynəlxalq yarışlarda qazanılan medalların sayı isə 439 olub. Bunlardan 154-ü qızıl, 130-u gümüş, 155-i isə bürünc medaldır. Göstərilən yüksək nəticələrə görə Mərkəzin struktur bölmələri üzrə 5 məşqçi-müəllim dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərində mənzillə, bir nəfər isə “Olimpiya medalı” ilə təltif edilib. Bir nəfər Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi döş nişanı, bir nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, bir nəfər Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adları ilə təltif edilib. Eyni zamanda,10 nəfər məşqçi-müəllim Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb.

Sevindirici haldır ki, “Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi prezidentinin Sərəncamı”na əsasən idmançılar və onların məşqçi-müəllimləri mükafatlandırılmışdır. Həmin idmançılardan 3-ü Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-nin yetirmələridir.

Onu da qeyd edək ki, bu il “Təhsil” RİM tərəfindən müxtəlif idman növləri üzrə, ümumilikdə 15 respublika yarışı keçirilib. Həmin yarışlarda idman-şahmat məktəblərinin idmançıları ilə yanaşı, idman cəmiyyətlərinin və kulublarının idmançıları da iştirak edib. Bundan başqa, məktəblilər arasında kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi də həyata keçirilib. Belə ki,Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” RİM-in təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 5-9 iyun tarixində Bakıda BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında ümumrespublika velosiped yarışları yüksək səviyyədə keçirilib. Kütləvi idman tədbirində, ümumilikdə 570 məktəb komandasının tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Bundan başqa, cari ildə “Təhsil” RİM-in təşkilatçılığı, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında respublika birinciliyi də keçirilib. Məlumat üçün qeyd edək ki, dörd mərhələ üzrə keçirilən birincilikdə respublikanın 3600-ə yaxın ümumtəhsil məktəbinin 40 mindən çox məktəblisi iştirak edib.

Yerigəlmişkən bildirək ki, bu ilin 26 sentyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə əmr imzalanmışdır. Əmrə əsasən, şahmat, atletika, voleybol, basketbol idman növləri üzrə məktəblər arasında respublika çempionatının təşkili və keçirilməsində Mərkəz və struktur bölmələrinin əməkdaşları səylə çalışmışdır. Həmin çempionatda 2397 məktəbdən 200 000-nə yaxın məktəbli mübarizəyə qoşulmuşdur.

Qeyd edək ki, bu il “Təhsil” Respublika İdman Mərkəzin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları” təşkil edilmiş və 2018-2019-cu il mövsümü üzrə yarışların davam etdirilməsi təmin edilmişdir. Bundan başqa, futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması məqsədi ilə Mərkəz tərəfindən respublika üzrə ilk dəfə olaraq 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası” təşkil edilmişdir. 2018-2019-cu il mövsümü üzrə yarışlar isə uğurla davam etməkdədir. 2018-2019-cu tədris ilində mərkəzin Sumqayıt şəhər 1 nömrəli UGİŞM-nin idman bölmələri üzrə yüksək nəticə əldə edilərək, idman təkminləşdirmə qrupların dərəcə tələb normaları yerinə yetirilmiş və bölmələr üzrə İTQ-ı təsdiq edilərək, məktəbə İxtisaslaşdırılmış Olmpiya Ehtiyatları statusu verilmişdir. Bununla da Mərkəzin tabeliyində olan İxtisaslaşdırılmış Olmpiya Ehtiyatları statuslu məktəblərin sayı 9-a çatmışdır.

Uğurların arxasında bacarıqlı rəhbərlik, təcrübəli məşqçi heyəti və əzmli idmançılar dayanır

“Təhsil” RİM-in direktoru Natiq Lahıcov bildirdi ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd idman növlərini məktəblilər arasında təbliğ etmək,onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. “Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasətini dəstəkləyir, Azərbaycanda idmana böyük diqqət və qayğı göstərildiyinin daim şahidi oluruq. Məqsədimiz ölkəmizdə gələcəyimiz olan gənc nəslin sağlam formalaşmasına xidmət göstərməkdir. 2018-ci il yaddaşımızda uğurların çoxalması ilə qaldı. Əldə olunan nailiyyətlər bizi olduqca sevindidir və bu istiqamətdə əlimdən gələni əsirgəməməliyik”,- deyə Mərkəzin direktoru bildirdi. O, əlavə etdi ki, “Təhsil” Respublika İdman Mərkəzinin məqsədi eyni zamanda məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idmanın kütləviliyini genişləndirmək, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.