Milli Məclisin spikeri Oqtay Əsədov Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə deputatları təbrik edib

30 Dekabr 2010 21:09 (UTC+04:00)

Bu gün Milli Məclisin payız sessiyasının son iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə deputatları təbrik edib. Spiker deputatlara can saglığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzulayıb.

"Milli Məclis bayramlar münasibətilə prezident İlham Əliyevə təbrik məktubu hazırlayıb. Məktub vasitəsilə Milli Məclis dövlət başçısına uzun ömür can sağlığı, Azərbaycanın inkişafındakı fəaliyyətinə uğurlar arzu edir", - deyə O.Əsədov vurğulayıb.

Qeyd edək ki, iclasda 6 məsələyə baxılacaq və parlament adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət qəbul ediləcək. İclasda həmçinin "Dövlət rüsumu haqqında" qanuna, "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə, "Fərdi məlumatlar haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək. Bundan əlavə iclasda Vergi Məcəlləsinə dəyişikliklər və "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" qanuna əlavələr səsverməyə çıxarılacaq.