"Qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyirdik. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".
Bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə səfərdə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri matçdan sonra mətbuat konfransında deyib.
- Qışda kimlər gedəcək?
- Bu gün elə bir futbolçu yoxdur. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki nəfər oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdır. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq.
- Qollarınızın hər 3-nü künc zərbəsindən vurdunuz. Bunun üzərində xüsusi işləmişdiniz?
- İlk oyundan nəyisə planlaşdırmaq çətin bir şey idi. Açığı, heç bir şey etməmişdik. Əsas fikrimiz futbolçuları çemodan əhval-ruhiyyəsindən uzaq etmək idi.
- Yarımfinalda kimi rəqib görmək istərdiniz?
- Yaxşı sualdır. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?
- Yaxşı, sualı belə qoyaq. "Neftçi"nin sensasiya edəcəyinə inanırsınız? "Ağ-qaralar"ın böyükhesablı qələbəsini real sayırsınız?
- "Neftçi" də qalib gələ bilər. Ancaq "Sumqayıt"ın bu komandanı üstələcəyi mənim üçün sensasiya deyil.