Dekabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı keçiriləcək.
Kitabxanadan SİA bildirilib ki, kitab Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.
Qeyd edək ki, 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.