Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin tərkibində qadınlardan ibarət “Çeşmə” ədəbi məclisi yaradılıb. Yaxın günlərdə Sumqayıt Uşaq və Gənclər İnkişaf Mərkəzində bu ədəbi məclisin ilk toplantısı olub.
Təbdiri Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin sədri Namiq Məna açıb. O, vurğulayıb ki, “yaxın günlərdə mənə bir qrup qadınlar müraciət edib, bildirdilər ki, bir ədəbi məclis yaratmaq istəyirik. Və istəyirik ki, burada yalnız xanımlar yığışıb öz şeirlərini, hekayələrini və başqa bədii əsərlərini müzakirə etsinlər. Mən bu təklifi yüksək səviyyədə qəbul etdim və beləliklə də “Çeşmə” ədəbi məclisi yarandı. Burada Qarabağdan, Zəngəzurdan olan yazıçılar, şairlər toplaşıb. Başqa bölgələrdən də müraciət edənlər olur. Bu məclisə yaradıcılığa az bir vaxtda başlasa da, çox maraqlı şairə, böyük intellek sahibi, əslən qarabağlı olan Lilpar Cəmşidqızı xanımlar tərəfindən yekdilliklə sədr seçildi. İndi ilk sözü elə Lilpar Cəmşidqızına verirəm”.
Lilpar Cəmşidqızı çıxışına belə başladı:
-Salam, dəyərli məclis iştirakçıları, sizin hər birinizi xoş gördük. İlk öncə mənə etimad göstərib bu şərəfli vəzifəni həvalə etdiyinə görə Qubadlı Regional Bölmənin sədri Namiq Mənaya və xanımlara öz dərin təşəkkürümü bildirirəm. Və bundan başqa biz yazarlara daim diqqət göstərən Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova dərin minnətdarlığımızı bildirirəm. Biz yazarların yaxın dostu Azırbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə yazarları həmişə dəstəklədiyinə və onların problemlərini bacardığı qədər həll etdiyinə görə bütün yazarlar adından da minnətdarlığımı bildirirəm. Yazıçılıq Allah vergisidir. Və əsl yazarlar Allahın seçilmiş bəndələridir. Görün biz yazarlar nə qədər xoşbəxt insanlarıq ki, Uca Tanrı bizləri sevib və başqa bəndələrindən fərqləndirib.
Amma Azərbaycanda yazarların sayı həddindən artıq çoxdur. Bəzi adamlar var ki, cızma-qara yazıb və adına da şeir, nəsr əsəri deyərək onları çap etdirirlər. Bu da onların şənbazlığından, savadsızlığından irəli gəlir. Dünyanın ən məhşur yazarları deyirlər ki, bu gün yazıçı olmaqçün həmin adamda on əsas cəhət hökmən olmalıdır.
1.Yazıçı çox böyük və geniş təxəyyülə malik olmalıdır.
2.Yazıçı böyük məntiqə malik olmalıdır.
3.Yazıçı dünya ədəbiyyatını və yazıçılıqda lazım olan bütün cərəyanları, janrları mükəmməl səviyyədə bilməlidir.
4.Yazıçı hər bir əsərindəki personajları xarakter, obraz səviyyəsinə qaldırmağı bacarmalıdır.
5.Yazıçı hər bir hətta hekayəsində, şeirində böyük və gözlənilməz könfliktlər qurmağı, öbrazlı fikirlər tapmağı, hər bir cümlədə dərin sətiraltı mənalar verməyi yüksək peşəkarlıqla bacarmalıdır.
6.Yazıçı yazdığı ən kiçik əsərində belə yüksək kompazisiya qurmağı bacarmalıdır.
7.Yazıçının çox sadə, heç kimi təkrar etməyən və oxunaqlı dili olmalıdır.
8.Yazıçı yaşadığı dövrün nəbzini tutmağı bacarmalıdır.
9.Yazıçı öz millətinin dərdlərini, problemlərini ədəbiyyata gətirməlidir və həmin dərdləri, problemləri özünün dərdi, problemi bilməlidir.
10.Yazıçı həmişə xalqın yanında olmalı və məddahlıqdan uzaq olmalıdır.
Gəlin indi yadımıza salaq, elə Azərbaycan klassik şair və yazıçılarından Nizami Gəncəvini, İmadəddin Nəsiminin, Məhəmməd Füzulini, Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Əbdürrəhim bəy Haqverdiyevi, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Cəfər Cabbarlını və onlarca başqalarını oxuyan yazarlar istər-istəməz özlərində cavabdehlik hiss edəcəklər. Çünki onların ən kiçik əsərləri də ona görə maraqlıdır ki, bu dahilər ədəbiyyatı, fəlsəfəni və həyat məktəbini mükəmməl bildiklərinə görə həm də yazdıqları hər sətirin üstündə günlərlə fikirləşdiklərinə görə onların əsərləri bizlər tərəfindən sevilir və yüksək səviyyədə qəbul olunur. Amma indi adını yazıçı qoyan elə adamlar var ki, yazdığı yazının "mürəkkəbi qurumamış"onu çap etdirir və elə fikirləşirlər ki, böyük şedevr yazıblar. Bu adamların yazdıqlarını tənqid edəndə isə sənə düşmən kimi baxırlar. Bu da əlbəttə, savadsızlıqdan, nadanlıqdan və cavabdehsizlikdən irəli gəlir. Əgər bu adamlar demirəm ki, dünya ədəbiyyatını, heç olmasa Azərbaycan xalqının klassik yazıçılarının əsərlərini mükəmməl oxusalar və özləri üçün yüksək səviyyədə əxz eləsələr, yəqin ki, ondan sonra belə zəif yazılar yazmazlar, bəlkə heç daha yazıçılıqla da məşğul olmazlar. Bu gün bizim bu ədəbi məclisi yaratmaqda əsas məqsədimiz o olacaq ki, hər birimiz yazdığımız şeirləri, hekayələri, publisist yazıları, məqalələri bir yerdə oxuyub, heç bir tərəfbazlıq, üzgörənlik etmədən onları təhlil edəcəyik və bir-birimuzə öz maraqlı təkliflərimizi verib, iradlarımızı bildirəcəyik. Burada biz, bir-birimizə yalnız dost, rəfiqə kimi yanaşıb əsərlərimizdə olan çatışmamazlıqları deməklə, bir-birimizə köməklik edəcəyik ki, bizim yazılarımız çap olunandandan sonra biz onlara görə utanmayaq. Tarixlər boyu, hətta Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və onlarca başqa dahilərimizin vaxtında belə ədəbi məclislər olub. Hətta Sovetlərin ilk illərində, keçən əsrin 20-70-ci illərində də maraqlı ədəbi məclislər olub. Bu məclislərdə bu gün bizim dahi adlandırdığımız Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza, Mir Cəlal və başqaları cavanlara özlərinin maraqlı məsləhətlərini veriblər. Məhz buna görə də onlardan sonra Əliağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Qabil, İlyas Əfəndiyev və onlarca başqa şairlərimiz, yazıçılarımız yetişib. Bir vaxtlar Sumqayıtda da çox maraqlı ədəbi məclislər, dərnəklər olub. Həmin ədəbi məclislərə, dərnəklərə Əli Kərim, Vaqif İbrahim, Xasay Cahangirov, Əşrəf Veysəlli kimi maraqlı şairlər rəhbərlik ediblər. Gəlin biz də həmin yolu tutaq və bir-birimizin inkişafına bu yolla köməklik edək. Tədbirlərimizə tanınmış şairləri, yazıçıları, alimləri dəvət edib, onlardan da lazım olan maraqlı məsləhətləri alacağıq. Biz, yalnız bu yolla inkişaf edib, dünya səviyyəsinə çıxa bilərik.
Gəlin onu da danmayaq ki, bu gün dünya səviyyəsində tanınan yazıçılarımız çox azdır. Bunun da günahı həm özümüzdə və həm də lazım olan səviyyədə çox az dəstəklənməyimizdədir. Bu gün çox az yazıçımız var ki, onların əsərləri rus və ingilis dilinə tərcümə olunur. Dünyada tanınmaq üçün isə bizim istedadlı yazıçıların əsərləri dövlət səviyyəsində rus və ingilis dillərinə tərcümə olunmalıdır. İstedadlı yazıçıların isə özlərinin maliyyə imkanları olmadığına görə nəsr əsərlərini, şeirlərini başqa dillərə tərcümə etdirə bilmirlər. Bu müqəddəs iş də hələ ki, dalana dirənib. Amma bütün bunlara baxmayaraq biz, birlikdə bu hasarları aşmalıyıq. Atalarımız da deyib ki, “güc bir olsa dağ oynadar yerindən”. Mən inanıram ki, bizim birliyimiz hər birimizin inkişafına çox böyük köməklik edəcək. Bu yolda Ulu Tanrıdan hər birimizə ilk öncə can sağlığı və böyük yaradıcılıq uğurlar arzu edirəm. Bir şeirimdə isə bu haqda belə yazmışam:
Bir ata minmişdim, qaldı yedəkdə,
Çox arzum, istəyim qalıb ürəkdə.
Lilparam, səhv etdim yolu seçməkdə,
Son ümidim, pənahım, şerim arzular,
Arzular, arzular, şirin arzular.
Mən yaradıcılığa cavan yaşlarımdan başlasam da ayrı-ayrı səbəblər ucbatından arzularım ürəyimdə qalıb. Çox gec çap olunmağa başlamışam. Çünki ailə qayğıları bunun qarşısını alıb. Amma Ulu Tanrıdan diləyim budur ki, qoy sizin arzularınız əsərlərinizlə birlikdə daha tez çiçək açsın.
Bugünki tədbirimizi isə maraqlı nasir, şairə, publisit Rəhilə xanım Veysəllinin yaradıcılığına həsr etmişik. Rəhilə xanımın 9 kitabı çap olunub. Mən onun kitablarını oxumuşam. Çox orijinal nəsr əsərləri var. Amma uzun illər o, yaddan çıxıb. Demək olar ki, təbliğ olunmayıb. Kölgədə qalıb. Bizim ədəbi məclisin ən böyük ali məqsədlərindən biri də belədir ki, həmin istedadlı insanları təbliğ edib, onların yaradıcılığını oxuculara çatdıraq. Qoy oxucularımız bilsinlər ki, bizim belə maraqlı yazıçılarımız var. Ona görə də bu gün Rəhilə xanımın yaradıclığını təhlil edəcəyik.
Beləliklə, Rəhilə Veysəllinin yaradıclığı təhlil olundu. Tanınmış şairlər Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Rafiq Oday, Təbrik Quliyev, Şəfaqət Ələsgərova, Dayandur Sevgin, Nəcibə İlkin, Solmaz Cahangirova, bədii qiraətçi İbrahim Qəniyev, “Aşıq Pəri inciləri” ədəbi məclisinin üzvü, şairə Südabə İrəvanlı, məşhur şair, mərhum Xasay Cahangirov adına Poziya dərnəyin üzvləri Rəhilə Veysəllinin şeirlərindən seçmələr dedilər. Onun nəsr əsərlərini təhlil etdilər. Aşıq Ruhiyyə Qarabağlı şairənin şeirini sazda ifa etdi. Tədbirdə başqa yazarlar da çıxış edib Rəhilə Veysəllinin yardıclığı haqqında ürək sözlərini dedilər və ona maraqlı təkliflər verdilər.
Sonda söz Rəhilə xanım Veysəlliyə verildi. O, bu məclisə toplaşanlara öz təşəkkürünü bildirdi: “Mən Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin sədri Namiq Mənaya öz dərin təşəkkürümü bildirirəm. O, əsl yaradıcılıqla məşğul olan yazarları ətrafına toplamaqla, onlara böyük meydan verib. Bununla bizim cavabdehliyimizi də artırıb. Mənim ən böyük arzum, istəyim odur ki, belə bir ədəbi məclis Qarabağda, işğal altında olan doğulduğum Veysəlli kəndində keçirilsin. Həmin günü böyük səbirsizliklə gözləyirəm. İnanıram ki, bu xoşbəxt gün tezliklə reallaşacaq. Çünki Qarabağ rəşadətli ordumuz tərəfindən tezliklə erməni gavurlarından təmizlənəcək. Biz tezliklə doğma yurdlarımıza qayıdıb, belə ədəbi məclisləri orada da keçirəcəyik. Həmin xoşbəxt günlər heç də uzaqda deyil”.
Beləliklə, “Çeşmə” ədəbi məclisinin ilk tədbiri tarixə köçüb. Bu tədbir ora toplaşanlarda xoş əhval-ruhiyyə yaratdı. Onlarda Rəhillə Veysəllinin yaradıcılığına maraq daha çox artdı. Rəhilə xanımın sevincini biz aydın görürdük. Və inandıq ki, Rəhilə Veysəlli bundan sonra daha böyük sevgi və istəklə yeni-yeni əsərlərini ərsəyə gətirəcək. Axı bu tədbir ona böyük inam vermişdi. İnam isə həyatın sərmayəsi deməkdir.
Azadə MƏHƏMMƏDQIZI
Jurnalist-publisist