Azərbaycan Milli Kulinariya Mərkəzi cari il hansı uğurlara imza atdı?

29 Dekabr 2010 00:44 (UTC+04:00)
"Bu il həm mənim üçün, həm də Azərbaycan Milli Kulinariya Mərkəzi üçün çox xoşbəxt və uğurlu bir il il oldu". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov cari il ərzində gördükləri işlər və gələcək planları ilə bağlı məlumat verərkən deyib. O bildirib ki, cari il ərzində mərkəz müxtəlif dünya tədbirlərində iştirak edib, müxtəlif ölkələrdə keçirilən yarışlarda, müsabiqələrdə ölkəyə qızıl, gümüş və ya bürünc medallar gətirib.

Bu il dünyanın ən böyük kulinariya mükafatına sahib olduğunu deyən T.Əmiraslanov bu mükafatın 82 ildə 90 adama verildiyini deyib: "Türk dünyasında və keçmiş SSRİ məkanında ilk dəfə bu mükafatı mən aldım. Peşəkar mükafat olduğu üçün mənə çox önəmli idi. Avropa Qida Təşkilatına fəxri üzv seçildim. Ən böyük mükafat isə Azərbaycanda ilk dəfə Novruz Bayramının geniş və təntənəli surətdə keçirilməsi idi. Bundan əlavə, Naxçıvan Mətbəxi Kulinariya Mərkəzinin açılıb ki, bu da çox böyük nailiyyətdir. Bu il həmçinin çox yüksək ad olan baba adını qazandım".

Daha sonra T.Əmiraslanov gələn il üçün gözləntiləri barədə də məlumat verib. O, 2011-ci ildən də çox böyük uğurlar, nailiyyətlər və dünya səviyyəli müsabiqələr gözlədiyini deyib: "Ancaq hər il olduğu kimi bu il də işləmək, işləmək və yenə də işləmək lazımdır. Çünki işləyəndə görülən işlərin də nəticə olur".