Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq. Hazırda təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.

Fəxri xiyabana insan axını davam edir. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirlər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.
Fəxri Xiyabana gələn ziyarətçilərin bir qismi Ulu Öndər Heydər Əliyev haqqında öz fikirlərini SİA ilə bölüşüb:

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov: "Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı və qurucusudur. Bu gün Azərbaycanın sürətli inkişafı məhz Ulu Öndərin qoyduğu təməlin üzərinə qurulub. Məhz Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik Azərbaycanın iqtisadi bünövrəsi çox möhkəm təməllər üzərində qurulub. Bu imkan verib ki, bu gün Azərbaycan sürətlə inkişaf etsin. Azərbaycanda gedən quruculuq işləri, ölkə Prezidentinin apardığı siyasət məhz Heydər Əliyevin uzaqgörən siyasətinə uyğun şəkildə aparılır. Təbii ki, bu öz gözəl nəticələrini verir.
Ümummilli Lider həmişə təhsilə çox böyük diqqət yetirib. Hələ Sovetlər dövründə Ulu Öndər bizim gənclərimizi ən nüfuzlu Ali məktəblərə göndərib. Bu gün də o insanlar ölkəmizin aparıcı mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edirlər. Bu gün bu siyasət uğurla davam etdirilir və bizim gənclərimiz xaricdə də dövlət hesabına təhsil alırlar. Bu gün onlar həm dövlət, həm də özəl sektorda uğurla çalışırlar. Bu gün bizim Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının təşkilatı 6 nəfəri Partiyaya üzv qəbul edib. Bu gənclər də Heydər Əliyevin qoyduğu yolla fəaliyyət göstərməyə, yaşamağa söz verdilər. Nə qədər ağır olsa da biz Ümummilli Liderimizdən 15 ildir ki, ayrılmışıq. Amma bu gün biz fərəh hissi ilə qeyd edə bilərik ki, bizim bu səviyyədə dahi Ulu Öndərimiz var. Biz onun yolunu davam etdirməliyik və Azərbaycanın inkişafını təmin etməliyik”.

Əmək və əhalinin sosial müdafiəsi (ƏƏSM) nazirinin müavini Mətin Kərimli: "Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 15 il ötür. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi ƏƏSM-nin kollektivi də bir nəfər kimi Ulu Öndərin əziz xatirəsini yad edir. Biz artıq anım günü ilə bağlı nazirlikdə də tədbir keçirmişik. Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin, eyni zamanda Azərbaycanda sosial inkişaf modelinin qurucusudur. 1993-2003-cü illərdə Ümummilli Lider əmək, sosial, müdafiə sahələrində 60-dan çox müxtəlif qanunları, proqramları qəbul edib. Həmin qanunların, proqramların qəbul edilməsi bu gün Azərbaycanın sosial müdafiə sisteminin əsasını təşkil edir. Ulu Öndər hər zaman xüsusilə böhran zamanlarında Azərbaycana rəhbərlik edib. Onun əziz xatirəsi hər bir azərbaycanlının ürəyində daim yaşayacaq. Biz ƏƏSM-nin əməkdaşları daima Ümummilli Liderin xatirəsini əbədi tutacayıq, onun qoyduğu mirası daim yaşadacayıq və Ulu Öndərin davamçısı cənab Prezident İlham Əliyevin siyasətini daim ən yüksək səviyyədə həyata keçirməyə çalışacağıq”.

Ziyarətçi Qurban Nəzirov: “Ümumiyyətlə Ulu Öndər Heydər Əliyevin Azərbaycan siyasətində, həyatında fəaliyyəti danılmazdır. Ümummilli Lider Heydər Əliyev həddindən ziyadə çox böyük işlər görüb. Ulu Öndərin Sovet illərində gəncləri SSRi-nin bütün ölkələrinə Ali təhsilə göndərməsi xüsusilə də qeyd edilməlidir. Bu gün iqtisadiyyatın demək olar ki, bütün sahələrində həmin gənclər, insanlar çalışır. Bu sahədə mənim böyük xatirələrim var. Çünki o vaxt mən də bir gənc kadr, mütəxəssis kimi Ukraynada təhsil almışam. Sonradan isə öz fəaliyyətimi Azərbaycanda davam etdirmişəm. Bu mənada biz həmişə işlədiyimiz dövrlərdə, tələbəlik illərində Ulu Öndərin qayğısını və diqqətini görmüşük. Məhz onun nəticəsidir ki, biz bu gün gözəl bir həyat yaşayırıq”.

Ziyarətçi Gülbahar Məmmədova: “Ümummilli Liderimiz öz zəngin siyasəti ilə Azərbaycan dövlətini, xalqını, torpaqlarımızı bütün dünyada tanıtdırdı. Ulu Öndər Heydər Əliyev öz canını bu xalqın yolunda şam kimi qoyub getdi. Bu gün bu gözəllik, yaradıcılıq, quruculuq hamısı Ümummilli Liderimizindir. Ulu Öndər haqqında nə qədər desək də, yazsaq da yenə də azdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ruhu onu istəyənlərə, ona dəstək olanlara və bu gün onun ziyarətinə gələnlərə kömək olsun. Bu gün Azərbaycan xalqının onu yada salmağı, ziyarətinə gəlməyi ona olan hörmət və ehtimaddan xəbər verir. Xalqımız heç zaman Ulu Öndəri yaddan çıxarmayacaq. Həmişə dillərin düyünü, dillərin əzbəyi Heydər Əliyevdir”.

Ziyarətçi Gülnar Əmirquliyeva: “Biz hər il Fəxri Xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edirik. Biz bunu özümüzə vəzifə borcu hesab edirik. Ulu Öndərimiz Heydər Əliyevin bizim üçün qoyub getdiyi bu gözəlliyin, azadlığın tayı bərabəri yoxdur. Biz bugünkü xoş günümüzə görə Ulu Öndərə borcluyuq. Nə qədər Azərbaycan xalqı var, bir o qədər də Heydər Əliyev var. Allah ona rəhmət eləsin və yeri behiştlik olsun.
Ziyarətçi Hacı Rza: “Mən hər il mütəmadi olaraq Ümummilli Liderimizi ziyarətə gəlirəm. Allah Ulu Öndərimizə rəhmət eləsin. Azərbaycan vaxtilə böhran içərisində idi, ölkəmiz parçalanıb gedirdi. 1990-cı ilin yanvarın 20-də hər kəsi gülləbaran edirdilər. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkəmiz müstəqillik qazandı və inkişaf dövrünü yaşadı. Allah bizim ölkəmizi qorusun. Mən əhd etmişən və hər il ziyarətə gəlirəm.
Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.