Rusiya-Azərbaycan strateji münasibətlərinin qurulmasına Heydər Əliyev mühüm töhfələr verib DMİTRİ KİSELYOV

11 Dekabr 2018 11:23 (UTC+04:00)

Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, eyni zamanda, daha geniş regionda sülh faktorudur. SİA xəbər verir ki, bu barədə “Vestnik Kafkaza” müxbiri ilə söhbətində “Rossiya seqodnya” (Rusiya bu gün-red.) İnformasiya agentliyinin baş direktoru, Ümumrusiya Dövlət Teleradio Şirkətinin baş direktorunun müavini, tanınmış teleaparıcı Dmitri Kiselyov deyib.

“Misal üçün, Azərbaycan özünəməxsus şəkildə və uğurla Rusiya ilə İran arasında vasitəçilik rolu oynayır, hətta bizim üçtərəfli layihələrimizdə partnyorluq edir”, deyə qeyd edən Kiselyov bildirib: “Bu kimi işlərdə Rusiya və Azərbaycan arasında faydalı və konstruktiv strateji münasibətlərin qurulması istiqamətində Azərbaycanın ümummilli lideri Heydər Əliyev mühüm töhfələr verib”.

“Düşünürəm ki, O, sağlam təməl qoyub. Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının qurulmasından ibarət olub və həmin üçbucaq kifayət qədər balanslaşdırılmış alınıb ki, bunun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində tənzimləmə faktoruna çevrilib”, Kiselyov bildirib.

“Prezident İlham Əliyev bu mənada, atasının qoyduğu xətti davam etdirir”, əlavə edən Kiselyov deyib: “Azərbaycan kifayət qədər sürətli templərlə inkişafdadır və beynəlxalq arenada özünü inamlı hiss edir, ölkənin daxilində isə stabil və balanslaşdırılmış cəmiyyət yaşayır. Belə fikirləşirəm ki, bu mövcud siyasi ailənin böyük xidmətləridir”.