QHT sədrinə yeni vəzifə verildi

6 Dekabr 2018 13:19 (UTC+04:00)

Djb.az informasiya agentliyinin təsisçisi, istedadlı şair, publisist Almaz Əhmədova TYGD-nin ( Türkiyə Yerel Gazeteciler Dernegi) Azərbaycan üzrə rəhbəri seçilib. Bu haqqda TYGD CENEL BAŞKANI Kenan Akçahanoğlu Almaz xanım Əhmədovanın Azərbaycan və Bakı təmsilçisi təyin olunması barədə əmr imzalayıb.

Bununla da o, Almaz xanımın əməyinə böyük qiymət vermiş və ona bundan sonra Azərbaycanın şəhər və rayonlarından Türkiyə xəbərləri ilə çalışacaq həmkarlarının seçiminə qərar verəcəkdir. Qeyd edək ki, hər zaman müxtəlif sahələrdən olan zəhmətkeş insanların həyat və yaradıcılığını qələmə alan, onların ağrılı-acılı ömür yolunu öz ustad qələmi ilə oxucularına çatdıran, Almaz İlahə göstərdiyi yüksək peşəkarlığı ilə diqqətləri cəlb edib. Jurnalistika sahəsində çalışan hər kəs bu peşənin nə qədər çətin və məsuliyyətli bir sahə olduğunu bilir. Bu illər ərzində yorulmadan, əzimlə çalışan Almaz Əhmədova neçə-neçə çətinlikləri adlayıb. Şəxsi həyatındakı ağır itkilərə baxmayaraq bu sınaqlardan üzüağ çıxıb. Qarabağ, Şuşa ağrısı onun üçün həmişə ön planda durub, müqəddəs Vətən torpağı uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsini daim yad edib, onların ailələrinin həyat şəraiti ilə bir jurnalist, ilk növbədə bir vətəndaş kimi daim maraqlanıb, lazım gələndə köməyini əsirgəməyib Almaz xanım. Təsadüfi deyildir ki, Qarabağ mövzusu onun çoxşaxəli yaradacılığında qırmızı xətt kimi keçir. İş fəaliyyəti, ailə məsuliyyəti, onu əsl Azərbaycan xanımı olaraq milli mənəvi dəyərlərimizə qiymət verən bir ziyalı kimi nəinki ölkəmizdə, hətta onun xaricində də ən üst səviyyədə tanıdır. İnanırıq ki, yeni vəzifədə də Almaz xanım İlahə Əhmədova özünü ən yaxşı tərəfdən göstərəcəkdir.

Araz Yağubov başda olmaqla “Yaşıl çay” jurnalının kollektivi dəyərli həmkarımız Almaz xanım Əhmədovanın indiyədək çalışdığı hər işdə olduğu kimi yeni vəzifədə də yüksək şəkildə Vətənimizi təmsil edəcəyinə inanır, ona can sağlığı, yeni məsuliyyətli işində uğurlar arzulayırıq.

Təbrik edirik, Almaz xanım!