“Azərbaycan Xalq Cumhuriyyəti – tariximizin şanlı səhifələrindən biridir" TƏDBİR

6 Dekabr 2018 16:01 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov açaraq qeyd edib ki, AXC-nin tarixinin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. O, qeyd edib ki, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları Bakının yadellilərdən azad olmasının 100 illik yubileyi ilə əlaqədar hərbi paradda iştirak etdilər. Məruzəsində Kamran Nəsibov ordu quruculuğu məsələlərindən danışıb, Azərbaycan ordusunun tarixindən maraqlı faktlar söyləyib.

Əsas məruzə ilə tədbirdə Yasamal rayon MKS-inin direktoru, tarix doktoru Lətifə Məmmədova çıxış edərək qeyd edib ki, ilk dəfə AXC-nin 80 illik yubileyi Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə dövlət səviyyəsində qeyd olunub. Daha sonra o, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlardan söhbət açaraq, AXC-nin yubileyinin bütün respublikada təntənəli qeyd edilməsi haqqında məlumat verib. Məruzədə L.Məmmədova xüsusi olaraq qeyd etdi ki, 2018-ci il 7 dekabr tarixində Azərbaycan Parlamentinin 100 illik yubileyi tamam olur və Parlamentin yaranmasının müsəlman Şərqində böyük hadisə olduğunu xüsusi vurğulayıb. Çıxışında Lətifə Məmmədova məlumat verdi ki, AXC-nin yaranması haqqında Bəyannamə 1918-ci ilin 28 may tarixində Tiflisdə qəbul edildi. Həmin iclasda H.B. Ağayev, F.X.Xoyski, X.Xasməmmədov, N.Yusifbəyli, M.Y.Cəfərov, F.Köçərli, C.Hacınski, X.Sultanov və b. iştirak etmişdilər. 6 bənddən ibarət olan Bəyannamədə cumhuriyyətin əsas prinsipləri əks olunmuşdur. Hökümətin sədri, Baş nazir F.Xoyski may ayının 30-da dünyanın 18 şəhərinə AXC-nin yaranması haqqında teleqram göndərdi (İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Oslo, Kopenhagen, Tokio). Teleqramda qeyd olundu ki, AXC-nin müvəqqəti paytaxtı Gəncə şəhəridir. Məruzəsində L.Məmmədova Azərbaycanın ərazisində hərbi vəziyyətin elan olunması, Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması, ordu quruculuğu haqqında məlumat verib. Məruzədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarından da söhbət aparıldı. Parlamentin 1920-ci il 27 aprel tarixində keçirilən sonuncu iclası haqqında sənədlər əsasında məlumatlar verilib.

C.Naxçıvanski adına Hərbi Liseyin kursantı Nuri İbrahim Naxçıvanski və Kəngərlilər sülaləsindən söhbət açıb, AXC generalları Ə.Şıxlinski, S.Mehmandarov, C.Naxçıvanski haqqında məlumatlar verib.

Tanınmış uşaq yazıçısı, gənc yazarların “Mirzə Şəfi Vazeh ədəbi məclisi”nin sədri Gülzar İbrahimova tədbir iştirakçılarına yazdığı “Babanın nəsihəti” hekayəsini və “Vətən oğlu” şeirini söylədi. O, liseyin kitabxanasına müəllifi olduğu “Vətən və mən” CD diskləri və kitabları hədiyyə edib.

Tədbirdə Yasamal rayon MKS-i tərəfindən hazırlanmış və Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə müşayiət olunan “AXC-nin ictimai, siyasi və dövlət xadimləri” videoçarx nümayiş olundu. Bundan başqa, Yasamal rayon MKS-i əməkdaşlıq etdiyi Orenburq vilayətinin Pokrovka modern kitabxanasının hədiyyəsi “AXC-100” interaktiv plakat tədbir iştirakçılarına hədiyyə olundu. Yubiley tədbirində “C.Naxçıvanski adına Hərbi Lisey” slaydları nümayiş olunub.

Beynəlxalq müsabiqələr laureatı, ehtiyatda olan zabit, gəmiçilik kontradmiralı Elxan Məhərrəmovun canlı ifasında “Azərbaycan” və b. mahnılar səslənib.

Yasamal rayon MKS-inin direktoru, “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” iki cildliyin müəllifi Lətifə Məmmədova bu kitabları Hərbi Liseyin kitabxanasına hədiyyə edib. Lətifə Məmmədova Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucovun Fəxri fərmanı ilə təltif olunub.

Tədbirin sonunda Yasamal rayon MKS-inin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cumhuriyyəti-100” stendə və kitab sərgisinə baxış keçirildi, diskussiya aparıldı.