Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin noyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən SİA-ya verilən xəbərə görə, qeyd olunan müddət ərzində ümumilikdə, 4 089 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 068 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 901 vətəndaş müraciəti daxil olub. 239 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 583 sənəd (vətəndaşlar tərəfindən 247 ərizə, Təhsil Nazirliyindən 234, digər qurumlardan 263, məktəblərdən 613 məktub, 73 strukturdaxili yazışma və 153 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 298 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
Qeyd edək ki, noyabr ayı ərzində, həmçinin, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər və Pirallahı) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.