Türkiyə Azərbaycana borcunu qaytardı

25 Dekabr 2010 18:22 (UTC+04:00)

Türkiyə Azərbaycana "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində aldığı qaza görə yaranan 1 milyard dollara yaxın borcunu ödəyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika naziri Taner Yıldız jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, tərəflər "Şahdəniz"in işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti məsələsini, eləcə də Azərbaycan qazının Türkiyə ərazisi ilə tranzit şərtlərini razılaşdırıblar: "Hazırda tərəflər əldə edilən razılaşmaları rəsmən möhkəmlədəcək sənədin hazırlanması üzərində iş aparırlar".

 

Türkiyəli nazir deyir ki, tərəflər arasında razılaşma əldə olunmazdan əvvəl Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara tədarük edilirdi. Bununla belə, Türkiyənin daxili bazarında istehlak üçün neftin qiyməti 1000 kubmetrə 300 dollar təşkil edir : "Türkiyə ilə bağlanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz"dən olan qazın qiymətinə tədarükə başlandıqdan bir il sonra yenidən baxıla bilər".

 

Qeyd edək ki, müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində bu yataqdan 6,6 milyard kubmetrədək qaz almalıdır.