Türkiyə Respublikasının Naxçıvan şəhərindəki baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağı salamlayaraq Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, ölkələrimizin hər zaman bir-birlərinə dəstək verdiklərini deyib.
Akademik, həmçinin qonağa bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bölmənin müxtəlif institutlarında Naxçıvanın bütün sahələri barədə dəyərli araşdırmalar aparılır, alim və tədqiqatçılar tərəfindən regionun tarixi, abidələri, mədəniyyəti, təbii ehtiyatları, biomüxtəlifliyi tədqiq olunur və təbliğ edilir. Qonağın diqqətinə çatdırılıb ki, bölmənin fəaliyyəti dövründə plandan əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə “Naxçıvan Ensiklоpediyası” (2 cilddə), “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Tarixi” çoxcildliyinin (3 cilddə), “Naxçıvanın tarixi atlası”, “Naxçıvan folkloru antologiyası” (3 cilddə), “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı” (2 cilddə), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlas, və “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi və digər ümumiləşdirici fundamental kitablar nəşr olunub.
Son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayan bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 17 oktyabr 2018-ci il və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli
Sərəncamlarını xatırladıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə əlaqədar Türkiyənin müxtəlif muzey və kitabxanalarında araşdırımalar aparılması üçün bölmə əməkdaşlarından ibarət Tədqiqat Qrupu yaradılıb.
Görüş çərçivəsində çıxış edən AMEA-nın müxbir üzvüləri-Fəxrəddin Səfərli və Əbülfəz Quliyev Türk Cümhuriyyəti Baş Nazirliyinin Osmanlı Arxivində saxlanılan Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin əhatəli elmi araşdırmalara cəlb olunması, həmçinin Türk Dil Qurumunun yeni yayılan kitablarının əldə edilməsi, o cümlədən qardaş ölkənin muzey və kitabxanalarında Baba Nemətullah Naxçıvaninin əlyazma nüxsələrinin elektron variantının əldə edilməsinin zəruriliyini bildiriblər.
Naxçıvan Bölməsi ilə tanışlıqdan məmunluğunu bildirən Mehmet Emin Kiraz bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib.
Görüş zamanı “Naxçıvan: tarixi və abidələri” və “AMEA Naxçıvan Bölməsi haqqında”, (Azərbaycan və ingilis dillərində) kitablar qonaqğa hədiyyə olunub. Baş konsul isə “Böyük Səlcuklu Mirası” adlı kitabı bölməyə hədiyyə edib.