“Mirzəli dünənə kimi Əli Kərimlinin tapşırıqlarını yerinə yetirib" ÖZƏL-MÖVQE

28 Noyabr 2018 15:39 (UTC+04:00)

“Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər. Hesab edirəm ki, bu gün qaldırılan məsələ Azərbaycan cəmiyyəti üçün yeni deyil”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Avropada müəyyən qurumlar, təchizatlar var ki, onlar Azərbaycandan apardıqları, eləcə də ölkəmizə dəvət etdikləri şəxsləri bir çox hallarda Azərbaycan dövlətinə, siyasi rəhbərliyinə qarşı istifadə edirlər: “Yəni onlar evlə təmin edilirlər, sığınacaqlar, müəyyən texniki avadanlıqlarla təmin olunurlar. Avropada bəlli mövcud şəbəkə var ki, məhz onların əsas fəaliyyəti Azərbaycan dövlətini gözdən salmaq, ölkəmizin imicini korlamaq və Azərbaycanın milli maraqlarında dövlətimizi zəiflətmək mövqeyini tuturlar. Ən əsası da burada maliyyə imkanları, yardımı ilə Avropada, Qərbdə fəaliyyət göstərən güclü erməni diasporası seçilir. Onlar həmin o şəbəkəyə maddi imkanları ilə dəstək verirlər. Yəni indiki halda artıq nə baş verir? Bəllidir ki, Məhəmməd Mirzəli adlı şəxs qrant müqabilində bu günə qədər gördüyü işləri gündəmə gətirib. Yəni bu bütün hallarda həm rəsmi qurumlar tərəfindən, həm də ölkənin siyasi çevrəsində olan müəyyən şəxslər tərəfindən Azərbaycan xalqına bildirilirdi və çatdırılırdı. Bəzən onların içərisində murdar ünsürlər var ki, bütün sərhədləri keçirlər. Yəni onlar ölkənin siyasi rəhbərliyinə, onun ailə üzvlərinə, ölkənin tanınmış ziyalılarına, partiya sədrlərinə, millət vəkillərinə, mətbuat rəhbərlərinə qarşı bu cür iyrənc ifadələr işlədirlər. Təbii ki, onu da məqsədli şəkildə həyata keçirirlər. Burada məsələnin mahiyyəti nədir.

Həmin adı çəkilən şəxs 80 min avronun müqabilində ona çatmış 200 avronun davasını edir. O adam dünənə qədər Əli Kərimlinin tapşırıqlarını yerinə yetirib və Əli Kərimlinin Azərbaycanda olanda partiyasının üzvü olub. Mən dəfələrlə bildirmişəm ki, Əli Kərimli xaricdən qrant alır və onun təşkilatında olan adamlar da məhz o qrantdan bəhrələnir. Yəni bu bir daha özünü təsdiq edir. Amma burada söhbət iri, böyükhəcmli pullardan gedir. Azərbaycan cəmiyyəti bilməlidir ki, bu gün həmin o Avropada fəaliyyət göstərən daxili satqın ünsürlər şəbəkə olaraq irihəcmli maliyyə qrantlarının idarə olunmasını həyata keçirirlər”.