Suraxanıda məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyaya yola salındı

19 Noyabr 2018 18:53 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə "Ölkəmizi tanıyaq" tur-aksiyaları təşkil olunur.

"Ölkəmizi tanıyaq" tur-aksiyaların növbəti mərhələsində noyabrın 18-də Suraxanı məktəblilərinin Lənkəran-Masallı-Lerik istiqaməti üzrə təntənəli yolasalma mərasimi olub.

"Ölkəmizi tanıyaq" layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər və önünə gül dəstələri düzüblər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, ötən müddətdə ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak edib. 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da, "Ölkəmizi tanıyaq" tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 min 444 nəfər olur. "Ölkəmizi tanıyaq" tur-aksiyalarında 353 Suraxanı məktəblisi iştirak etmişdir. Daha 40 məktəbli 10-cu tur-aksiyada iştirak edəcəklər. Beləliklə, 393 rayon məktəblisi "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısı olacaq.

İ.Abbasov qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Səfər zamanı yolboyu görəcəkləri yerlərdə, olacaqları rayonlarda ölkəmizdə gedən inkişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma vətənimizin günü-gündən gözəlləşməsini öz gözləri ilə görəcəklər. Lənkəran-Masallı-Lerik istiqaməti üzrə səfər ediləcək bu bölgə sitrus bağları,

çay plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda "Qoşa qala" qapılarına, Həzi Aslanovun Ev-Muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, "Yanar bulaq" və "Astaraçay" çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, "ASAN həyat" Kompleksinə, Viləşçay Su Anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacağına əminliyini bildirib.

Mərasimdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 2017-ci ildə Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyanın iştirakçısı Zeynəb Vəliyeva, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində tur-aksiyanın iştirakçısı, Dünya Ramazanova, valideyni Leyla Ramazanova, bu tur-aksiyanın Ayşən Məmmədova çıxış ediblər və şagirdlər üçün yaradılan bu şəraitə görə, dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib.

Tur-aksiyanın iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, "Ölkəmizi tanıyaq" tur-aksiyaları haqqında filmi izləyiblər.

Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik istiqamətində yola düşüblər.

ZÜMRÜD BAYRAMOVA