"Fənərbaxça" klubunun şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyevin Azərbaycana gəlməməsi, fəaliyyəti barədə Atletika Federasiyasına məlumat verməməsi, millimizin tərkibində çıxış etməməsi ilə bağlı gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. SİA-nın mlumatına görə, nazir "Fənəbaxça" klubundan Azərbaycan Atletika Federasiyasına müraciət ünvanlandığını, Federasiyanın idmançının orada çıxış etməyə razılıq verdiyini, ancaq R.Quliyevin Azərbaycan millisinin iştirak etdiyi bütün yarışlarda komandamızın tərkibində çıxış etməli olduğunu vurğulayıb: "Təəssüf ki, R.Quliyev bir neçə dəfə Avropada keçirilən yarışlarda Azərbaycan millisinin tərkibində iştirak etməyib. O, buna zədəli olmasını səbəb olaraq göstərib. Ancaq araşdırdıq və məlum oldu ki, yığmanın tərkibində olmadığı vaxtlarda o, kommersiya baxımından başqa komandanın tərkibində olub. Onun heç bir zədəsi olmayıb. Nazirlik buna heç cür yol verə bilməz, ona görə bu məsələni qaldırmışıq. R.Quliyev Bakıya qayıtmalı, burda yığmanın tərkibində çıxış etməlidir. İnanırıq ki, yaxın zamanlarda o, Bakıya qayıdıb bu barədə açıqlama verəcək. ABŞ-da Türkiyədən də yaxşı şərait yaradıla bilər. R.Quliyevi dünyada heç kim tanımırdı. O, bir idmançı kimi Azərbaycanda formalaşıb, Azərbaycanın suyunu içib, çörəyini yeyib, buranın da millisində çıxış etməlidir".
Nazir idmançının Azərbaycan millisindən imtina edəcəyi halda baş verə biləcəkləri də açıqlayıb: "Əgər o, Azərbaycan millisində iştirak etmək istəmirsə, qanunla 3-4 il heç bir komandanın üzvü kimi ayrı dövlətin bayrağı altında çıxış edə bilməz. Doppinq agentliyi bir neçə dəfə onu axtarıb, yerində olmayıb, federasiya sarı vərəqə alıb. Bu heç də yaxşı hal deyil. O, Azərbaycanın Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Dərslərə, imtahanlara gəlmir. R.Quliyev gəlib federasiyaya bu məsələlər barədə açıqlama verməlidir".