Gənclər üçün Təhsil Mərkəzi fəaliyyətinin növbəti ilini başa vurmaq ərəfəsindədir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, 2000-ci ildə Bakı şəhərində bir qrup hüquqşünas tələbə tərəfindən yaranan və qarşısına gənclərin cəmiyyətimizin inkişafında rolunu artırmaq məqsədi qoyan Mərkəzin 10 yaşı tamam olur.
Mərkəz bu münasibətlə növbəti ilin yanvar ayının sonunadək silsilə tədbirlər keçirərək, fəaliyyətinin ən maraqlı anlarını, uğurlarını və planlarını ölkə ictimaiyyəti ilə bölüşmək niyyətindədir. Bu məqsədlə Mərkəz nəinki Bakı şəhərində, eləcə də regionlarda müxtəlif tədbirlər keçirməyi planlaşdırır.
Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, hazırda Mərkəzin 10 illik fəaliyyətinə həsr olunmuş kiçik film hazırlanır ki, yaxın vaxtlarda onu ictimaiyyətə təqdim edəcəyik. Onun sözlərinə görə, görülmüş işlərin əhatə dairəsi və hədəfləri o qədər genişdir ki, onları bir filmə yerləşdirmək mümkün deyil. Buna görə də biz 10 illik yubileyimizin qeyd olunması üçün nəzərdə tutulmuş tədbirlər planına fəaliyyətimizi əks etdirən sərgilərin, haqqımızda olan filmin nümayişinin, görüşlərin və müxtəlif əyləncəli proqramların təşkilini daxil edib. Mətbuat nümayəndələri ilə xüsusi bir proqramın təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, 10 il bundan öncə yaranan və hazırda ölkəmizin 30-dan çox regionunu öz fəaliyyəti ilə əhatə edən Mərkəz bu gün nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda da müxtəlif proqramlar həyata keçirir və fəallığı ilə seçilir.