Beynəlxalq Ombudsmanlar İnstitutu Azərbaycan Ombudsman təsisatını institusional üzv kimi qəbul edib

23 Dekabr 2010 01:32 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyətə başladığı ilk günlərdən təsisatın beynəlxalq əlaqələrinə, xarici həmkarları ilə insan hüquqları sahəsində əməkdaşlığa böyük önəm verib.

SİA-nın xəbərinə görə, Azərbaycan Ombudsmanı 2003-cü ildən etibarən Avropa Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının, həmçinin Beynəlxalq Ombudsmanlar İnstitutunun üzvü seçilmişdir və bu qurumların mühüm tədbirlərində mütəmadi olaraq iştirak edir, fikir və təcrübə mübadiləsi aparır, insan hüquqları üzrə verdiyi səmərəli təkliflər yüksək dəyərləndirilir. Qeyd olunmalıdır ki, Beynəlxalq Ombudsmanlar İnstitutunun strukturunda son dövrdə dəyişikliklər aparılıb. Bununla əlaqədar olaraq, Azərbaycan Ombudsmanı həmin quruma İnstitusional üzvlüklə bağlı müraciət edib. İnsan hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, innovativ təşəbbüsləri nəzərə alınaraq, Azərbaycan Ombudsman təsisatı bu günlərdə Beynəlxalq Ombudsmanlar İnstitutuna institusional üzv kimi qəbul olunub.

Bu, Azərbaycan Ombudsmanına Beynəlxalq Ombudsmanlar ailəsinin bərabərhüquqlu üzvü kimi, yenə də Milli İnsan hüquqları təsisatlarının mötəbər toplantılarında, konfranslarda iştirak etmək, insan hüquqlarının müxtəlif aspektləri üzrə əldə olunmuş nailiyyətləri paylaşmaq, fəaliyyət dövrü ərzində qazanılmış təcrübəni beynəlxalq treninq və seminarlarda ekspert qismində çıxış edərək həmkarları ilə böluşmək, eyni zamanda onların təcrübəsindən faydalanmaq imkanı verəcəkdir.