AMEA-da akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub - TƏDBİR

23 Dekabr 2010 01:23 (UTC+04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, AMEA Geologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, millət vəkilləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, hər il prezident İlham Əliyev tərəfindən müxtəlif elm adamlarının, alimlərin yubileylərinin keçirilməsi haqqında sərəncamları onun elm sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. O bildirib ki, akademiyanın bugünki mövcudluğu görkəmli alimlərin adı ilə bağlıdır. Belə şəxsiyyətlər içərisində görkəmli akademik Şəfaət Mehdiyevin də olduğunu deyən M.Kərimov vurğulayıb ki, o, elm və təhsilin inkişafında böyük simalarından olmaqla yanaşı, yeni nəsillər üçün ibrətli izlər qoyub.

"Şəfaət Mehdiyev 1915-ci ildə Cənubi Azərbaycanda anadan olub. Uşaq yaşlarında atasını itirən alimi çox ağır şəraitdə anası böyüdüb. Sonra ailəsi ilə Bakıya gələn Şəfaət Mehdiyev burada fəaliyyətə başlayıb. Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında alıb. O, həyatı dövründə həyata keçirdiyi yeniliklər, gördüyü işlər nəticəsində tanınmış neft geoloqu kimi tanınıb. Alim 1993-cu ildə Bakıda vəfat edib. Bugün fəaliyyətdə olan Qum adası, Kəpəz neft yataqlarının istismarı barədə ilk dəfə Şəfaət Mehdiyev məlumat verib. Alimin neft və onunla bağlı sahələrdəki araşdırmaları istər respublikamızda, istər postsovet məkanında, istərsə də dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə xüsusi olaraq dəyərləndirilib. Neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətləri olan Şəfaət Mehdiyevin yazdığı kitablar, monoqrafiyalar və dərsliklərin uzun illərdir ki, müxtəlif nəsil tələbə, alim və oxucular tərəfindən stolüstu dəyərli elmi vəsait kimi istifadə olunur. O, geologiya sənətinin inkişafına da öz töhfələrini verib və bunun nəticəsidir ki, Şəfaət Mehdiyevin neft geologiyasının səlnaməsi hesab olunur", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən AMEA-nın vitse-prezidenti Akif Əlizadə akademikin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O bildirib ki, Şəfaət Mehdiyev XX əsr Azərbaycan neft tarixində parlayan ulduz olub və bu ulduzun işığından çox insanlar bəhrələnib. Onun sözlərinə görə, alim 400-dən artıq əsər, 40 elmi tomoqrafiq məqalənin müəllifidir.

Daha sonra çıxış edən ARDNŞ-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın hər zaman neft-qaz hasilatı mənbəyi olduğunu deyib. O bildirib ki, bu sahədə azərbaycanlı alimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, akademik Şəfaət Şehdiyev və digər alimlərin neft-qaz sahəsindəki yaradıcılığı bütün dünyada məşhurdur.

Tədbirin davamında çıxış edən qonaqlar akademik Şəfaət Mehdiyev barədə fikirlərini və onunla bağlı xatirələrini bölüşüblər.