Asəf Hacıyev: “Kitab oxumağa marağın azalması o demək deyil ki, onu oxumağa ehtiyac yoxdur”
22 Dekabr 2010 19:18 (UTC+04:00)
"Əgər 30-40 il bundan öncə kompütersiz nəsə işlər görmək olurdusa, bu gün kompütersiz həyat yoxdur". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev son zamanlar gənclərin internetə daha çox meyl göstərməsi nəticəsində kitab oxumağa marağının azalmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, kitab oxumağa marağın azalması o demək deyil ki, onu oxumağa ehtiyac yoxdur.
"Bəzi şəxslər kompüteri əllərində bayraq tutub deyirlər ki, mən hər bir şeyi internetdən oxuyuram. Bu da yanlış fikirlərdir. Çünki bir çox əsərləri, romanları kompüter vasitəsilə oxumaq çətin və maraqsızdır. Kitab oxumağın müsbət tərəfi ondan ibarətdir ki, bu insana analiz etmək xüsusiyyətlərini aşılayır, yəni analiz etmək imkanlarını formalaşdırır. İnternet isə insanları məlumatlandırmağa xidmət edir. Bütün hər şey, romanların çoxu, bir çox kitabçalar internetdə yoxdur. Ona görə də insan bir tərəfdən kitab oxumalı, kitabdan qaçmamalı, digər tərəfdən isə özünü məlumatlandırmaqdan ötrü internetdən istifadə etməlidir.
Ancaq bir şeyi də qeyd edim ki, bu gün bəzi insanlar kompüterin düyməsinin haradan basıldığını belə bilmirlər. Xüsusən gənclər arasında belə hal aşkarlanarsa, bu onlar üçün fəlakətdir", - deyə o əlavə edib.