“Planetimizi tanıyaq” layihəsi çərçivəsində tədbir keçirilib

22 Dekabr 2010 18:32 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi, "İRƏLİ" İctimai Birliyi və "Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə" (TEDEM) İctimai Birliyi "Planetimizi tanıyaq" layihəsi çərçivəsində növbəti tədbir keçiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Kooperasiya Universitetində baş tutan tədbirin əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi, ekoloji problemlərin həlli, həmçinin gənclərin bu sahəyə diqqətinin artırılmasından ibarət olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Eldar Zülfüqarov layihənin əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov çıxış edərək "2010 – Ekologiya ili" çərçivəsində bütövlükdə ARDNŞ-nin və konkret olaraq, onun Ekologiya İdarəsinin həyata keçirdiyi layihələr, ekoloji təbliğat və maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verib. Tədbirdə Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyətinə həsr olunan geniş təqdimat keçirilib.

İdarənin Ekoloji Monitorinq Departamentinin əməkdaşları prezentasiya üzərində izahat verib, tədbirin mövzusu ətrafında öz fikirlərini bildiriblər. "TEDEM" İB-nin "Mavi Planet Yer kürəsi və Ekoloji Sfera" adlı təqdimatı da tələbələr tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçılara ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.