"Faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır" NARAZILIQ

13 Noyabr 2018 12:39 (UTC+04:00)

“Bu gün ölkəmizdə optimal sahibkarlıq olmalıdır. Sahibkarlığın inkişafına mane olan məsələlər var ki, hər birimiz buna qarşı mübarizə aparmalıyıq. Biz bu gün bankların fəaliyyətindən razı qala bilmərik”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir: “Bunun səbəbləri var. İnfiliyasiyadan qorxuruq. İnfilyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır”.

Z.Səmədzadə söyləyib ki, bu gün Azərbaycan enerji təhlükəsizliyini təmin edən ölkədir: “Ölkəmiz enerji ixrac edir. Azərbaycanın enerji sistemi ölkənin müstəqilliyinin açarıdır. Bu sistemi möhkəmləndirmək müstəqilliyimizi qoruyan amildir. 2019-cu ilin dövlət büdcəsində də bununla bağlı kifayət qədər materiallar var”.

Komitə sədri qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, ÜDM-si azalan zamanlar da sosial proqramları azaltmayıb, əksinə bu sahəyə ayrılan vəsaitlərin artmasını təmin edib: “Bütövlükdə 2019-cu ilin büdcəsi ölkənin sosial problemlərinin həlli, ölkəmizin iqtisadi inkişafını, dayanıqlı inkişafını təmin edəcək”.