Rus Dram Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib - FOTO
22 Dekabr 2010 18:26 (UTC+04:00)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib. SİA-nın məlumatına görə, mərasim 90 illik yubileyini qeyd edən teatrın yaradıcı heyətinin şən mahnı sədaları altında və şux rəqslərlə səhnəyə təşrif buyurması ilə başlayıb. Yubiley mərasimində çıxış edən teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski mədəniyyət ocağının tarixi və bu günü haqqında məlumat verib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrın kollektivinə ölkə başçısı İlham Əliyevin təbrik məktubunu oxuyub. Daha sonra nazir Prezident İlham Əliyevin Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Nikuşina Aleksandra Konstantinovna "Xalq Artisti", Aslanova Elmira Ramazanovna, İbrahimova Naina Ağaəli qızı, Nağıyev Ömür Məlik oğlu və Spitsina Yelena Eduardovna "Əməkdar Artist", Fyodorov Aleksandr Petroviç "Əməkdar Mədəniyyət İşçisi" fəxri adları sahiblərinə verib.
Tədbirdə Rusiya Prezident Administrasiyanın adından da təbrik məktubu oxunub. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxin teatrın kollketivini şeirlə, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüoğlu isə ifası ilə təbrik edib.
Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli yubiley iştirakçıları üçün royal da yaddaqalan kompozisiya ifa edib. 90 yaşını təntənəli şəkildə qeyd edən qocaman mədəniyyət ocağını təbrik etməyə Azərbaycanın digər teatr kollektivləri də gəlib. Onlar Rus Dram Teatrının səhnəsində öz məharətlərini nümayiş etdiriblər. Sonda isə teatr kollektivi tamaşaçılar qarşısında çıxış edib.
Yubiley tədbirində ölkə ictimaiyyətinin nümayəndələri ilə yanaşı, bir sıra ölkələrdən də qonaqlar qatılıblar. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da qonaqlar arasında olub.
Yubiley mərasiminə qatılanlar arasında filologiya elmləri doktoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, xarici işlər nazirin müavini Mahmud Məmməquliyev də olub.