İrlandiyanın bir gün bu vəziyyətə düşəcəyi heç kimin ağlına gəlməzdi - ARAŞDIRMA

22 Dekabr 2010 05:11 (UTC+04:00)

Yadınızdadırsa İrlandiya bir zamanlar dünya ölkələrinə nümunə göstərilirdi. Bütün ölkə rəhbərləri ölkələrini İrlandiyaya bənzətməyə çalışırdılar. Bu gün isə vəziyyət dəyişib. İndi İrlandiya məcazi mənada desək yerdə sürünür. SIA-bunu araşdırıb.

Həm iqtisadi, həm da siyasi baxımdan İrlandiya elə bir haldadır ki, onu bu vəziyyətdən xilas edəcək üsullar axtarılsa da tapılması qeyri-mümkün kimi görünür. Bir zamanlar İrlandiyanın nümunə göstərildiyi ölkələr indi bu ölkəni düşdüyü vəziyyətdən xilas etmək üçün yollar axtarırlar. İrlandiyaya kömək etdiyini düşündüyümüz Avropa ölkələri əslində öz çıxarları üçün hərəkət edirlər. Düşünülmüş siyasət yeridən bu ölkələr əslində İrlandiyanın iqtisadiyyatını qurtarmağa çalışırmış kimi görünsələr də məqsəd başqadır. Belə ki, əgər İrlandiya bu dəfə çöksə, Avropanın bankları kökündən sarsılacaq. Bir sözlə, Avropa öz banklarını qurtarmaq və avronun dəyərini qorumaq üçün İrlandiyanı xilas etməyə çalışır.

İrlandiyanın gündəmdə müzakirə edilən borclarını araşdırdıq. Nəticə etibarilə, İrlandiyanın müzakirə edilən borc məbləği 731 milyard dollardır. Bu borcların dünya ölkələrinə görə qruplaşdırılması aşağıdakı kimidir:

1 - İngilis banklarına 148 milyard dollar
2 - Alman banklarına 138 milyard dollar
3 - ABŞ banklarına 68 milyard dollar
4 - Belçika banklarına 54 milyard dollar
5 - Fransa banklarına 50 milyard dollar
6 - Digər banklara isə 271 milyard dollar
Rəqəmlər İrlandiyanın iqtisadi vəziyyətini açıq şəkildə göz önünə sərir.
İMF-nin Dünya İqtisadi Görünüşünün rəqəmlərinə əsasən İrlandiyanın milli gəliri 204, büdcə xərci 110, büdcə gəliri isə 70 milyard dollardır. Bu rəqəmlərlə İrlandiyanın borclarını müqayisə etdikdə maraqlı nəticə ilə üzləşirik. Ölkənin borcu milli gəlirindən 3,2 dəfə çoxdur. Avropa İttifaqının (Aİ) hesabatlarında isə İrlandiyanın borcunun milli gəlirinin 65%-ni təşkil etdiyi göstərilib.

Son xəbərlərə görə, İrlandiya yardım almağı qəbul etdikdən sonra Brüssellə Dublin arasında razılaşma əldə edilib. İrlandiya yardım məsələsini qəbul etməklə yanaşı tədbirli davranmağı da əldən vermir. Belə ki, düşdüyü vəziyyətdən qurtula bilmək üçün İrlandiya tək-tək dövlətlərin deyil, Aİ və İMF-nin köməyindən istifadə edilməsi istiqamətində adımlar atır. İlkin açıqlamalara əsasən deyə bilərik ki, yardım paketi 90 milyard avro (təxminən 125 milyard dollar) olacaq. Bu isə müqayisədə İrlandiyanın illik büdcə gəlirindən 1,5 dəfə çox, milli gəlirinin isə 60%-i həcmindədir. Aİ bütün şərhlərində yardımın İrlandiya ilə yanaşı, Avropanı qorumaq üçün edildiyini vurğulayır.

Bu arada xatırladaq ki, İrlandiyanın vəziyyəti müzakirə edilən zaman Portuqaliya, İspaniya və Yunanıstanın da vəziyyətləri gündəmə gəlir. Bu 4 ölkənin müxtəlif ölkələrin banklarına borcları 2 trilyon dollardan çoxdur. Yəni dünya ölkələri arasında pis vəziyyətdə olan və iqtisadiyyatı sürünən tək ölkə İrlandiya deyil. Yunanıstanın 175, İspaniyanın 877, Portuqaliyanın isə 235 milyard dollar borcu var.

Bir müddət əvvəl Aİ ölkələri üçün nəzərdə tutulan bir sıra məhdudlaşdırmalar gətirilmişdi. Belə ki, büdcə kəsiri milli gəlirin 3 faizindən, cəmiyyət borcu isə 60 faizindən çox olmamalı idi. İşin maraqlı məqamı budur ki, məhdudlaşdırmalar Aİ ölkələri tərəfindən pozuldu. Belə ki, Aİ ölkələrində cəmiyyət borcunun milli gəlirlə nisbəti 73%-dir. Müxtəlif ölkələrin büdcə kəsirləri aşağıdakı kimidir:

1 - İrlandiyada 14,4%
2 - Portuqaliyada 9,3%
3 - Yunanıstanda 15,4%
4 - İspaniyada 11,1%

Bu borclar ödənilsə belə borc kreditlərinin də ödənilməsi şərtdir, əks halda iqtisadi sistem çökə bilər. Büdcə kəsirləri bu cür davam edərsə nəinki borc kreditləri ödənəcək, hətta yenidən borclar da alına bilər.

Azərbaycanın Aİ-nın bəzi mübahisəli ölkələrindən fərqi budur!