Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib. SİA-nın verdiyi xəbərə görə, layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov söyləyib ki, məcəllənin 299-cu maddəsində göstərilən sanksiyanın məbləği fiziki şəxslər üçün 1500 manatdan 2 min manatadək, vəzifəli şəxslər üçün 7 min manatdan 8 min manatadək nəzərdə tutulur.
Onun sözlərinə görə, məcəllənin 300-cü maddəsinə edilən dəyişikliyə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 2 min manatdan 2500 manatadək, vəzifəli şəxslər 8 min manatdan 9 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 manatadək cərimə olunacaq.
O vurğulayıb ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 2 min manatdan 2500 manatadək cərimə olunmaqla Azərbaycandan çıxarılacaqlar.
Layihənin müzakirəsi zamanı çıxış edən millət vəkilləri Siyavuş Novruzov Zahid Oruc və digərləri ölkəyə qanunsuz yolla gətirilən dini ədəbiyyata toxunaraq bununla məşğul olanlara qarşı tətbiq edilən cəzaların sərtləşməsini təklif ediblər.
Daha sonra millət vəkili Rəbiyyət Aslanova da müzakirələrə qatılıb. O son bir ildə qeydiyyata alınan icmalara toxunaraq bildirib ki, milli maraqlara uyğun gəlməyən dini icmalar qeydiyyata alınmamalıdır. "Bu gün Azərbaycanda ciddi canlanma baş verirsə, bunun səbəbləri ilə maraqlanmaq lazımdır. Məsələn hicabla olan məsələ. Dinin canlanması qədər qorxulu məqam yoxdur. Bu sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdır".
Hicab məsələsi ilə əlaqədar çıxış edən spiker Oqtay Əsədov: "Azərbaycanda hicab ləğv olunmayıb. Ölkədə məktəbli forması tətbiq olunur. Bu məsələ ziyalılar tərəfindən izah edilməlidir. Hicabla küçəyə çıxana və ya işə gedənə qadağa qoyulmayıb".