"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun tətbiqinə start verilib

21 Dekabr 2010 23:36 (UTC+04:00)
Bu gün "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun tətbiqinə start verilib. SİA-nın məlumatına görə, tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Azərbaycan Sığortacılar Assambleyasının Müşahidəçi Şurasının sədri Azər Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov və başqa səlahiyyətlilər iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Məhərrəm Məhərov bildirib ki, hər il dünyada 2 milyon 300 min adam istehsalat qəzası zamanı dünyasını dəyişir. Məhz bu kontekstdə yeni qanunun tətbiq olunması baş verə biləcək bir sıra mənfi halların qarşısını almağa kömək edəcək: "İstehsalatda bədbəxt hadisə zamanı Azərbaycanda 2007-ci ildə 259 nəfər, 2008-ci ildə 255 nəfər, 2009-cu ildə isə 250 nəfər ağır yaralanıb. Hadisə zamanı dünyasını dəyişənlərə gəldikdə isə, hər il 60-130 nəfər arası ölən olur. Yeni qəbul olunan qanunun tətbiq olunması isə bu cür halların qarşısının alınmasına kömək edəcək".

İstehsalatda baş verən qəzaların konpensasiyasının müəssisə rəhbərliyi tərəfindən ödənməsinin zəruri olduğunu deyən rəis müavini bütün hallarda rəhbərliyin işə götürülən qarşısında məsuliyyət daşıdığını vurğulayıb: "Müəssisə rəhbəri işçini işə götürən zaman bilməlidir ki, işçi qarşısında böyük məsuliyyət daşıyır. Belə ki, istehsalatda baş verən hər hansı bir qəza haqqında rəhbər həmin gün əlaqəli qurumlara xəbər verməlidir. Əks halda, 2000 AZN-ə qədər cəriməyə cəlb edilir. Bu qanun bu cür ciddi tətbiq edilmədiyi zamanlarda müəssisə rəhbərləri baş verən hadisələri gizlədirdilər. Çünki qəzalar zamanı konpensasiyaların ödənilməsi, xəsarət alanların xəstəxana xərclərinin qarşılanması müəssisə rəhbərliyinin məsuliyyətidir. İndi isə belə hallar azalıb. Əgər işçi işə götürülən zaman sığortalanmayıbsa rəhbərlik 1500 AZN-ə qədər cəriməyə cəlb edilir".

Daha sonra çıxış edən Namiq Xəlilov da qanunun faydalarından danışaraq bildirib ki, məsəd işə götürənləri cərimələmək deyil, işçilərin həyatını sığortalamaqdır: "Müəssisə rəhbərləri işçini sığortalamadıqda, əmək müqaviləsi bağlamadıqda rəsmi qaydada cərimələndirilir. Amma burada məqsəd işə götürənləri cərimələmək deyil. Bütün cərimələr dövlət büdcəsinə daxil olur və çox yaxşı bilirik ki, Azərbaycan iqtisadiyyatı elə səviyyədədir ki, büdcənin belə cərimələrə ehtiyacı yoxdur. Məqsədimiz sadəcə işçi qüvvələrinə hüquqlarını tanıtmaq, və onların həyat sığortasını təmin etməkdir".

Tədbir fikir mübadilələri əsasında davam edib.