ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

21 Dekabr 2010 03:27 (UTC+04:00)

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan SİA-ya verilən xəbərə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi vəziyyət və partiya quruculuğuna aid bir sıra məsələlər müzakirə edilib.

İdarə Heyəti üzvləri "hicab"la bağlı keçirilən aksiyalarda iştirak edənlərə polis zorakılıqları göstərilməsi məsələsinə diqqət çəkərək ayrı-ayrı hökumət nümayəndələrinin dini inancların məhdudlaşdırılmasına yönəlik səsləndirdiyi bəyanatları bir daha pisləyib, süni şəkildə qaldırılan bu məsələnin arxasında parlament seçkilərində baş verən total saxtakarlıqların ört-basdır edilməsi niyyətinin durduğunu bildirib.

Rusiyada Qafqaz və Asiya əsilli insanlara, eləcə də bu ölkədə mühacir həyatı yaşayan soydaşlarımıza qarşı yeridilən diskriminasiya siyasətindən narahat olduğunu bildirən partiya yetkililəri ikinci dünya müharibəsində faşizm bəlasından kifayət qədər əzablar yaşayan bir ölkədə neofaşizmin baş qaldırmasının həmin ölkə üçün utancverici olduğunu diqqətə çatdırıb və dünya ictimaiyyatını bu cür faşizm təzahürlərinə qarşı mübarizədə yekdil olmağa çağırıb.

İdarə Heyəti üzvləri Azərbaycan hökumətini xaricdə yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin edilmədi ilə bağlı təsirli tədbirlər görməyə çağırıb. İdarə Heyəti üzvləri Azərbaycan dili haqda qanunun qüvvədə olmasına baxmayaraq ölkə ərazisində doğma dilimizə qarşı olan laqeyd münasibətdən narahat olduğunu bildirib və ayrı-ayrı firma, birlik, ticarət şirkətləri və digər özəl sektorların binaları qarşısında yazılan elanların, reklam şüarlarının və adların əcnəbi dillərlə göstərilməsinin ölkə qanunlarla və milli mentalitetimizlə bir araya sığmaz olduğunu vurğulayıb.

Belarusda keçirilən son prezident seçkilərinə diqqət çəkən İdarə heyəti üzvləri bu ölkədə baş verən seçki saxtakarlıqları və müxalif qüvvələrə qarşı göstərilən zorakılıqlardan narahat olduğunu bildirib və beynəlxalq təşkilatları adı çəkilən respublikada baş verən olaylara həssas yanaşmağa və diktaturanın yenidən dirçəlməsinə imkan verməmək üçün səyləri birləşdirməyə çağırıb.