Samir Əsədli: “Seçki komissiyaları formalaşdırılmadan əvvəl Seçki Məcəlləsində dəyişiklik edilməlidir” - MÖVQE

20 Dekabr 2010 23:55 (UTC+04:00)

Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılmasını zəruri edir. Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən 7 Noyabr 2010-cu il tarixində Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiqləndiqdən sonra parlamentdə 9 müxalifət partiyanın təmsilçiliyi təsdiq olunub. Belə ki, seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb.

 

MSK-da müxalifət üçün 6 yer ayrıldığından, parlamentdə yer qazanan müxalifət partiyaların sayı isə 9 olduğundan hansısa partiyalar kənarda qalmalı olacaq? Bu yerlər necə müəyyənləşəcək? Böyük Quruluş Partiyası Fazil Mustafa hesab edir ki, parlametdə 5 müxalifət partiyası var, qalanları isə birmənalı olaraq iqtidar partiyasını dəstəkləyirlər. BQP sədrinin fikrincə, MSK-da müxalifət üçün ayrılacaq 6 yeri 5 partiya müəyyənləşdirməlidir.

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli də millət vəkili ilə yaxın mövqedədir. SİA-ya açıqlamasında Sosial Rifah və Vətəndaş Birliyi partiyalarının seçkilərə bir nəfər namizədlə qatıldığını və parlamentdə bir nəfərlə təmsil olunduğunu deyən S.Əsədli hesab edir ki, bu partiyalar seçki komissiyalarının formalaşdırılmasında iştirak etməməlidir. S.Əsədli qeyd edib ki, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ədalət və Ümid partiyası parlamentdə müxalifətin adından çıxış edən partiyalardır və müxalifət üçün MSK-da ayrılan 6 yeri 5 yox, 6 müxalifət partiyası müəyyən etməlidir.

 

S.Əsədli parlamendə mandat qazanan Ana Vətən Partiyasını isə iqtidaryönlü hesab edir. VHP-nin Milli Məclisdə daha çox millət vəkili ilə təmsil olunduğunu deyən Siyasi Şuranın üzvü vurğulayıb ki, seçki komissiyalarının formalaşdırılmamasından əvvəl Seçki Məcəlləsində dəyişillik edilməlidir. O, fevral ayında həm MSK, həm dairə seçki komissiyalarına partiyanın namizədlərinin irəli sürüləcəyini bildirib.