Ermənistanda artıq uzun illərdir ki, davam edən və bütün sahələri əhatə edən böhran bu ölkənin məktəblərindən də yan keçməyib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Vanadzorda fəaliyyət göstərən 27 nömrəli məktəb davamlı yağış və qar yağması nəticəsində çökmək üzrədir. Belə ki, həmin məktəbdə 533 şagird təhsil alır. Bütün məktəb boyu düzülən vedrələr aramsız yağan yağışların yaratdığı su gölməçələrinin qarşısını ala bilmir.
“Xadimələr səhər saatlarından başlayaraq, döşəmələri silib, vedrələri daşıyırlar. Lakin bu əziyyəti çəkmək heç bir məna kəsb etmir”, “Haykakan Jamanak” qəzeti yazır: “Məktəb rütubətli və dağılmış betondan ibarətdir. Müəssisə yalnız dəmir konstruksiyalar üzərində dayanıb. Məktəbin direktoru Qagik Kaexanyan deyir ki, istər əvvəlki, istərsə də hazırkı hakimiyyətlər dövründə edilən müraciətlər cavabsız qalıb. 10 ildir ki, bu vəziyyət belə davam edir”.
Məktəbin müəllimləri isə deyirlər ki, bu cür davam edərsə, fəsadları ağır olacaq qəzanın baş verməsi qaçılmazdır.