"Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq. Məğlubiyyətə layiq deyildik". Bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib. Yoldaşlıq oyununda Bolqarıstana 1:2 hesablı məğlubiyyəti şərh edən gənc mütəxəssis futbolçularından razı qalıb: "Komanda 10 oyun idi uduzmurdu. Bəlkə də hesabın belə olması xeyirimizədir. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odur ki, komandamız güclü Bolqarıstan yığmasından heç bir komponentdə geri qalmadı".
V. Məmməd bu cür rəqiblərlə oyunların komandaya faydalı olduğunu bildirib: "Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan yığması kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ oyunlarına yönəldəcəyik. Həmin vaxt “Qəbələ” ilə Çempionlar Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaqlar”.