"Əlbəttə Fransanın bəzi bələdiyyə rəhbərlərinin işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir". Bunu SİA-ya açıqlamasında Atatürk Mərkəzinin şöbə müdiri,QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, bununla Fransan dünyada birgə yaşayışa, sülhə zidd olan addımlar atmış oldu: "Belə çıxır ki, sabah Fransanın hər hansı bir ərazisi özünü müstəqil ölkə elan etsə və dünyanın ayrı-ayrı ölkələrindən o cümlədən, Azərbaycandan ora insanlar gedib, gəlsə Fransa bunu qəbul etməlidir. Fransızlar məsələyə bu nöqtədən baxsınlar. Əlbəttə biz başa düşürük, Fransa böyük və qədim dövlətdir. Ancaq hamı tərəfindən qəbul edilmiş ümumi birgə yaşayış qaydaları, beynəlxalq hüquq normaları dövlətin böyüklüyünə, kiçikliyinə, xalqın sayının azlığına, çoxluğuna, yaxınlığına, uzaqlığına, daşıdığı dini mənsubiyyətə və danışdığı dilə baxmır. Bu insanların birgə yaşayış normasıdır və elə bir normadır ki, hər hansı bir dövlət bu gün ki gücündən, mövqeyindən, istifadə edib o qaydaları pozursa sabah zəncirvarı halqa ilə bu proseslər onun özünə qarşı çevrilə bilər və o zaman bunun mənfi nəticələri çox ağır olar. Yəqin ki, artıq Fransa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycan dövlətinin mövqeyi ilə tanışdır. Hesab edirəm ki, rəsmi Parisin izahat verməsi və belə hərəkətlərin bir də daha təkrar olunmaması barədə özlərinin mənəvi və hüquqi öhdəliklərini dilə gətirmələri vacibdir".