Efiopiyanın məşhur diplomatı Sahle-Vork Zevde bu ölkənin tarixində prezident seçilən ilk qadın olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, bunu Efiopiyanın Baş nazirinin dəftərxanasının rəhbəri Fitsum Areqa bildirib. “Parlamentin hər iki palatası səfir Sahle-Vork Zevdeni Efiopiyanın növbəti prezidenti seçib. Bu, tarixi hadisədir. O, müasir Efiopiyaya rəhbərlik edəcək ilk qadındır”, - Fitsum Areqa özünün Twitter səhifəsində belə yazıb.
Sahle-Vork Zevde bu postda 2013-cü ildən ölkəyə rəhbərlik edən və parlamentin hər iki palatası tərəfindən istefası qəbul olunan Mulatu Teşomeni əvəzləyib.
Efiopiya konstitusiyasına əsasən, ölkənin prezidenti parlament tərəfindən 6 illik müddətə seçilir və nümayəndəlik funksiyalarını icra edir. Prezident dövlətin başçısı hesab olunsa da, real hakimiyyət Baş nazirin əlində cəmləşir.