DİQQƏT!!! Paytaxtda tütündən azad zonaların yaradılması üçün yeni kampaniya başladı
18 Dekabr 2010 01:22 (UTC+04:00)
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) Bakı Şəhərində tütündən azad zonaların yaradılması üçün yeni kampaniyaya başlayıb. SİA-nın xəbərinə görə, bu gün Dənizkənarı parkda belə yerlərdən birinin təqdimatı keçirilib. ASKA-nın prezidenti Nurlan Əliyev bildirib ki, hazırda qurum "Tütünsüz Bakı" kampaniyası çərçivəsində Bakı şəhərində tütün tüstüsündən azad ictimai yerlərin yaradılması, müxtəlif ticarət və iaşə obyektlərinin sahibləri ilə maarifləndirmə işləri aparır. Onun sözlərinə görə, artıq bir neçə kafe və restoran özlərini tütündən azad zona elan edib: "Bizdə olan məlumata görə, artıq şəhərin 2 internet kafesində tütünə qadağa olunub. Şəhərdə tütünsüz kafelərin sayını artırmaq üçün bütün müəssisə rəhbərlərini bizə dəstək olmağa çağırırq. İnanırıq ki, bu kampaniya çərçivəsində ölkədə tütündən azad zonaların sayı xeyli artacaq. Qeyd edim ki, assosiasiya 2011-ci ildə də tütünlə mübarizə işlərini davam etdirəcək".
Qeyd edək ki, 2009-cu ildən başlayaraq Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası Azərbaycanda tütünlə mübarizəyə qoşulub. Tütün ilə Mübarizə Strategiyanın hazırlanmasında əsas rol oynayan assosiasiya könüllü olaraq əhalinin tütünçəkmənin zərərləri barədə məlumatlandırmaq və tütün tüstüsündən azad zonaların yaradılması barədə ictimai vəkillilik işləri aparır.