Azərbaycan müdafiə sənayesinin bu günkü durumu- ANALİZ

18 Dekabr 2010 01:12 (UTC+04:00)

Bu gün Müdafiə Sənayesi Nazirliyi işçiləri peşə bayramlarını qeyd ediblər. Bu münasibətlə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət sonrası jurnalistlərə açıqlamasında nazir Yavər Camalov deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yeni növ silah və sursatın istehsal olunacağı sahələr yaradır.

Yavər Camalov: "Ölkənin müdafiə qabiliyyətini
gücləndirmək üçün yeni layihələr üzərində işləyirik

Azərbaycanın müdafiə sənayesi müəssisələrində müdafiə təyinatlı məhsulların istehsalında 2006-cı illə müqayisədə 115 dəfə, 2009-cu illə müqayisədə isə 3,6 dəfə artım olub. SİA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir deyib ki, Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra qarşıya qoyulan ilk vəzifə SSRİ dövründən qalan müəssisələrin bərpası və yenidən qurulması, onların bazasında müdafiə təyinatlı məhsulların istehsalı olub: "Zavodlar rekonstruksiya olunaraq 31 istehsalat sahəsi yaradılıb. Hazırda həmin istehsal sahələrində müxtəlif kalibrli atıcı silahlar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən "Zəfər" və "Zəfər-K", "İnam" adlı tapançalar istehsal olunur. SSRİ dövründən qalmış texnikaların modernləşdirilməsi həyata keçirilir. Gələn ilin mart ayına qədər isə 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, burada da yeni növ silah və sursat istehsalı həyata keçiriləcək".
MSN-in xaricdə hərbi sərgilərə çıxardığı məmulatların sayının da ilbəil artdığını deyən nazir qeyd edib ki, bu sərgilər beynəlxalq aləmdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdiyini göstərir. Azərbaycan tərəfi isə öz növbəsində həmin sərgilərdə müasir texnikalarla tanış olur, həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür.
Y.Camalov MSN müəssisələrində mülki təyinatlı məmulatların istehsalının da həyata keçirildiyini vurğulayıb: "Eyni zamanda ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün yeni layihələr üzərində işləyirik".

Ordumuzun silah-sursat təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb

Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, artıq Silahlı Qüvvələrin tələb etdiyi bütün döyüş sursatları MSN-in müəssisələrində istehsal olunur.
"Hazırda zirehli texnikalar sahəsində asılılığı aradan qaldırmağa çalışırıq. Eyni zamanda döyüş texnikaları üzərində müasir tələblərə cavab verən silahlanma sistemləri qururuq", - deyə Y.Camalov vurğulayıb.
Nazir deyib ki, perspektivdə digər sahələrdə də asılılıq aradan qaldırılacaq: "Bu proses tədricən həyata keçirilməkdədir". Y.Camalov Azərbaycan istehsalı olan silah və döyüş sursatlarının ixracına dair niyyət protokollarının imzalandığını və bu sahədə işlər aparıldığını da qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin "Otokar" şirkəti ilə zirehli nəqliyyat vasitələrinin istehsalına dair danışıqlar aparır. MSN və "Otokar"ın hansı zirehli nəqliyyat vasitələrini istehsal edəcəyinə gəlincə, nazir hazırda bu istiqamətdə layihənin nəzərdən keçirildiyini vurğulayıb: "Danışıqlar gedir. Yəqin ki, birgə istehsal iqtisadi cəhətdən səmərəli olarsa, həyata keçiriləcək".
Qeyd edək ki, MSN və "Otokar" arasında birgə texnika istehsalına dair niyyət protokolu bu ilin oktyabrında imzalanıb. Türkiyənin ən böyük hərbi nəqliyyat vasitələri istehsalçılarından olan "Otokar" şirkəti "Arma", "Akrep", "Cobra", "Kaya" adlı zirehli döyüş maşınları, zirehli ambulanslar, daxili təhlükəsizlik tədbirlərində istifadə olunan polis avtomobillərinin istehsalını həyata keçirir. Şirkət Türkiyənin milli tank layihəsi olan "Altay" tankının istehsalına dair tenderin də qalibidir.

Müdafiə sənayesi müəssisələrində 600-ə yaxın adda məmulat
istehsal edilir ki, bunun da yarıdan çoxu müdafiə təyinatlıdır

Məlum olduğu kimi, Azərbaycanda sənayenin yeni bir sahəsi- müdafiə sənayesinin inkişafı böyük sürətlə gedir. Son illərdə ölkədə bir neçə hərbi zavod açılıb, müxtəlif təyinatlı müasir texniki vəsaitlər istehsal olunur. Dövlət başçısı qeyd edib ki, qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı var.
Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır.
Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb.
Onlar sırasında "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Elektron Hesablayıcı Maşınlar" zavodu, Gəncə "Maşınqayırma zavodu", Tərtər "Elektromexanika"zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Radioquraşdırma" zavodu, "Araz" zavodu, "Telemexanika" zavodu, Bakı "Cihazqayırma" zavodu, "Azon" zavodu, "Alov" zavodu və digərlərinin adlarını qeyd etmək olar. Ümumilikdə bu müəssisələrdə 600-ə yaxın adda məmulat istehsal edilir ki, bunun da yarıdan çoxu müdafiə təyinatlı məmulatlardır.
Beləliklə, bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin daha da çoxalacağı gözlənilir. Bu, silahlı qüvvələrin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir.
Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordunun texniki ehtiyaclarını təmin etməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların ödənilməsi baxımından da sırf xarici dövlətlərdən asılıdır. Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artıracaq. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur.

Perspektivdə Azərbaycan istehsalı olan hərbi
vertolyotların istifadəyə verilməsi də planlaşdırılır

Son illərdə Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur. Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq belə maşınlar istehsalı həyata keçirilir.
"Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.
Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.
Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: Ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan artıq öz hərbi-iqtisadi qüdrəti ilə artıq çoxdan regionun ən güclü dövlətinə çevrilib. Hərbi və iqtisadi cəhətdən qüdrətli olan dövlət isə istənilən an öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir. Azərbaycan son variant kimi bu yolu seçməyə məcbur olduqda bunun qarşısını heç bir qüvvə ala bilməyəcək.
Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan Bakı bu imkanlarından hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.