Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri çərçivəsində bir neçə saziş imzalanacaq

17 Dekabr 2010 22:26 (UTC+04:00)

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri çərçivəsində bir neçə saziş imzalanacaq. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiya Avropa Komissiyasının prezidentinin səfəri ilə bağlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun səfəri Aİ ilə Azərbaycan arasında əlaqələrin çox mühüm bir məqamında baş tutacaq: "Konkret hansı sazişlərin imzalanacağını açıqlaya bilmərəm. Lakin bu səfər Aİ və Azərbaycan arasında çox güclü fundamental əlaqələrin olduğuna bir işarədir. Bildiyiniz kimi təmsil etdiyim qurum Azərbaycanı ilk müstəqil günlərindən hər zaman dəstəkləyib və bu səfərdə hazırda mövcud olan münasibətlərin dərinləşməsinə töhfə verəcək. Bu həmdə Azərbaycanın Avropa İttifaqının dəyərlərinə inteqrasiyasına bir işarədir. Eyni zamanda "Şərq Tərəfdaşlığı" çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə bir işarədir.".

 

Onun sözlərinə görə, Avropa Komissiyasının prezidenti Azərbaycan dövlət başçısı İlham Əliyev və müvafiq nazirliklərin rəhbərləri ilə görüş keçirəcək və sazişlər imzalayacaq. Həmin sazişlər enerji sahəsini və daha geniş siyasi konteksti əhatə edəcək: "Son illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər getdikcə bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, kommersiya, mədəniyyət sahəsində əməkdaşlığımız daha da inkişaf edir".