"Sabah" səfərdə "Sumqayıt"ı məğlub edib

22 Oktyabr 2018 00:08 (UTC+04:00)

Futbol üzrə Topaz Premyer Liqasının 9-ci turuna yekun vurulub. Günün ilk oyununda "Sumqayıt" komandası doğma meydanda debütant "Sabah" komandasını qəbul edib. İlk dəqiqələrdən irəli atılan qonaqlar rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 15-ci dəqiqəsində oyunun baş hakimi İnqilab Məmmədov çempionatın bombardirı Marko Deviçə qarşı qayda pozuntusuna görə sumqayıtlıların kapitanı Vurğun Hüseynovu meydandan kənarlaşdırıb. Sayca az qalan "Sumqayıt" oyunun 36-ci dəqiqəsində qapısında top görüb. Belə ki, Miloş Bosançiç rəqib müdafiəçinin başla geri qaytardığı topu güclü zərbə ilə tora qovuşdurub. Birinci hissə "Sabah" klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Beləliklə, bu qələbədən sonra debütant turnir cədvəlində üçüncü yerə yüksəlib.Turun sonuncu görüşündə iki autsayder üz-üzə gəlib. "Keşlə" ASK arenada "Zirə" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 2-ci dəqiqədə Denis Silva olub.